ERMƏNİSTAN İŞĞAL DÖVRÜNDƏ TÖRƏTDİYİ EKOLOJİ CİNAYƏTLƏRİNƏ GÖRƏ TƏZMİNAT ÖDƏMƏLİDİR

Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğal dövründə ölkəmizin iqtisadiyyatına dəymiş ziyanın hesablanması, habelə təbii sərvətlərin qanunsuz istismarı faktları ilə bağlı beynəlxalq məhkəmələrdə iddiaların qaldırılması postkonflikt dövründə rəsmi Bakının həyata keçirdiyi hücum diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ciddi ekoloji problemlər yaratdığını, təbii sərvətləri qanunsuz olaraq taladığını, ekosid cinayətlərinə yol verdiyini və bütün bunlara görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlarını bir daha bəyan edib.

Bu günlərdə rəsmi Bakı 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (“Bern Konvensiyası”) əsasında Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında qeyd olunur ki, iddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Ölkənin aidiyyəti qurumları hələ işğal dövründə ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və BMT-nin müvafiq strukturları qarşısında məsələ qaldırıb. Qarabağ və Şərqi Zəngəzurda 160-a yaxın qiymətli metal yatağının ermənilər tərəfindən talan edilərək xaricə ixracı ilə bağlı faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Həmin müraciətlərdə işğal dövründə ərazilərimizdəki qanunsuz iqtisadi fəaliyyətin beynəlxalq hüquqa, habelə Azərbaycanın milli qanunvericiliyinə zidd olduğunu, cinayət məsuliyyəti yaratdığı xüsusi vurğulanıb.

Qanunsuz mənimsənilmiş yataqlar sırasında Qızılbulaq qızıl-mis-kolçedan, Canyataq, Gülyataq mis, qızıl və molibden, Söyüdlü, Ağdüzdağ, Tutxum, Vejnəli qızıl, Mehmana, Şorbulaq qurğuşun, Sarıbulaq, Ağyataq, Levçay, Şorbulaq, Qamışlı, Ağqaya, Çilgəzçay, Narzanlı civə yataqlarını xüsusi qeyd etmək lazımdır. Azərbaycan Geoloji Kəşfiyyat Agentliyinin uzun illər ərzində “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adlarını açıqlaması da respublikamızın bu istiqamətdə prinsipial mövqeyini nümayiş etdirib. Belə məlum olub ki, Kanadanın “Sterlite Gold” LTD, “First Dynesty Mines”; İsveçrənin “Base Metals”, “Vallex Group”; Rusiyanın “Geopro Mayninq Gold Company”, İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın “Armenian Copper Programme”, ABŞ-ın “Global Gold” və Hindistanın “Vedanta Resourcess” şirkətləri qeyd olunan 4 yatağın qanunsuz istismarında iştirak ediblər. Təxmini hesablamalara görə, işğala qədər “Vejnəli” yatağında 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, “Dəmirli” yatağında 457 min ton mis, “Qızıbulaq” yatağında 13,7 ton qızıl olub.

İşğal dövründə Ermənistan hakimiyyəti bir sıra ölkələrin şirkətləri ilə hüquqi əsası olmayan müqavilələlər imzalayıb, işğal etdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarını həyata keçirib. Bir sıra ölkələrin şirkətlərinin bu prosesdə iştirakı isə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması olub. Azərbaycan Respublikası Baş Prokurorluğu işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə cinayət işləri açaraq araşdırma aparır. Bu hüquqi addım, ilk növbədə, Ermənistanın ağır müharibə cinayətlərini ifşa etmək, eləcə də onun beynəlxalq məhkəmələrə verilməsi üçün hüquqi əsaslar yaratmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ermənistanın müasir standart və tələblərə cavab verməyən dağ-mədən sənayesi uzun illər ərzində Azərbaycanın ekoloji mühitinə mənfi təsir göstərib. Xüsusən də Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi Oxçuçayı intensiv şəkildə çirkləndirib. Transsərhəd çay olan Oxçuçayın kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir.

Ötən ilin noyabr ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərinin ifşası baxımından mühüm platforma olub. Rəsmi Bakı tədbir zamanı Ermənistanın qanunsuz işğal zamanı ətraf mühitə, flora və faunaya vurduğu zərərlə bağlı beynəlxalq məsuliyyətə cəlb olunması vacibliyini bəyan edib. COP29 çərçivəsində Ermənistanın mina terrorunun fəsadlarının xüsusi qabardılması ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olub. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, strateji əhəmiyyətli yüksəklikləri minalayıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının məlumatına əsasən, Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır. Minalarla çirkli ərazilərin mövcudluğu həm də azad edilmiş ərazilərin ekoloji bərpası işlərinə ciddi əngəl törədir.

Haaqa Daimi Arbitraj Məhkəməsində Ermənistana qarşı qaldırılmış iddia da bu və digər faktlara əsaslanır. Məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir. Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.

Ermənistanın ekoloji problemlərə etinasız münasibəti, habelə xüsusilə təhlükəli obyektlərdə köhnə texnologiyalardan istifadə etməsi təkcə Cənubi Qafqazın deyil, Avropanın özünün təhlükəsizliyi üçün də ciddi təhdidlər doğurur. Bu ölkənin texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının hələ də fəaliyyət göstərməsi qlobal miqyasda ciddi təhlükə mənbəyidir.

MTM Analitik Qrup