Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində hələ də razılaşdırılmayan məsələlərdən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkməsidir. Əslində, Azərbaycan tərəfi bu qərarla Ermənistana münasibətdə böyük humanist addım atmış olur. Rəsmi İrəvan Bakının bu addımını yüksək qiymətləndirməli, digər razılaşdırılmayan məsələlərdə kompramis yolları barədə fikirləşməlidir. Çünki Azərbaycanın irəli sürdüyü təzminat Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxara bilər və bu, heç bir halda İrəvanın məsuliyyətdən yayınmasını təmin etməyəcək.
Bu barədə Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində də danışdı. Dövlət başçısı Ermənistanın otuz illik işğal dövründə Azərbaycana vurduğu zərərin təhlilinin başa çatdığını, buna dörd il vaxt sərf olunduğunu, hər şeyin sənədləşdirildiyini, təqribən 150 milyard dollardan çox ziyandan söhbət getdiyini bildirdi. Rəqəmin kifayət qədər böyük olması Ermənistanın Azərbaycana qarşı bütün iddialarından əl çəkməsi üçün tutarlı amildir.
İkinci Qarabağ müharibəsi qurtarandan sonra Prezident İlham Əliyev 30 il işğal altında qalan torpaqlarımızda bütün yaşayış məntəqələrinin foto-video çəkilişlərinin aparılması və faktların protokollaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Bura azad edilmiş, lakin dağıdılmış ərazilərin peyk vasitəsilə, həmçinin, dronlarla çəkilişini aparmaq, tarixi abidələrin məhv edilməsi, ictimai və dövlət əhəmiyyətli binaların, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların vəziyyətini əks etdirən faktların toplanması, dağıdılmış əmlakın qiymətinin o vaxtkı rubl ekvivalentində hesablanması və indiki məzənnə ilə qiymətləndirilməsi, ekologiyaya vurulan ziyanın müəyyən edilməsi, qırılmış meşələrin və ağacların bazar qiymətinin, məhsuldar torpaqların qanunsuz istismarından gələn gəlirin çıxarılması da daxil edilmişdi. Bütün bunlar Ermənistana qarşı təzminat davasının başlanması üçün əsasların hazırlanmasına yönəlmişdi. İndi isə məlum oldu ki, artıq proses başa çatıb, məsələ ilə bağlı beynəlxalq şirkətlərin rəyləri alınıb və söhbət 150 milyard dollar həcmindən dəymiş ziyandan gedir. Deməli, Ermənistan qeyri-konstruktiuv davranmasa, sülh sazişinin qarşısında süni maneələr yaratmaqda davam etsə o zaman Azərbaycanın haqlı təzminat davaları ilə üzləşmək məcburiyyətində qalacaq. O, heç bir halda məsuliyyətdən boyun qaçıra bilməyəcək. Çünki 30 il davam edən işğal dövründə onun Azərbaycana vurduğu maddi-mənəvi zərərin miqyası ölçüyəgəlməzdir və bu dəhşətli vandalizmi törədənlərin beynəlxalq miqyasda cəzalandırılması labüddür. Əgər rəsmi İrəvan bunun necə baş verəcəyini hələ də təsəvvür edə bilmirsə, bununla bağlı beynəlxalq hüquqda və tarixşünaslıqda kifayət qədər nümunə var. Yeri gəlmişkən, onlardan bəzilərini xatırlayaq. Məsələn, 1991-ci ildə İraqın Küveytə hücumu ona çox baha başa gəldi. BMT-nin vurulan zərərin miqdarını müəyyən etmək üçün yaratdığı komissiyanın iddiası əsasında İraq Küveytə 50 milyard dollardan çox təzminat ödədi. Bundan çox əvvəl isə, daha konkret desək, İkinci Dünya müharibəsindən sonrakı Almaniya böyük təzminat öhdəlikləri ilə üz-üzə qaldı. SSRİ Almaniyanın bir hissəsini ilhaq etdi və milyonlarla almanı o torpaqlardan qovdu. Fransa Saar protektoratını nəzarətə götürməklə Almaniyanın kömür yataqlarını ələ keçirdi. Hollandiya da təxminən eyni addımı atdı, Almaniyanın 69 kvadratkilometr ərazisini özünə birləşdirdi. Müharibə başa çatdıqdan sonra müttəfiqlər dəyəri 10 milyard dollarla ölçülən alman patentinə əl qoydu. Yunanıstan da Almaniyanın müttəfiqlərə ödədiyi təzminatdan pay aldı. Bu, təxminən 25 milyard dollar dəyərində pul və sənaye malları idi. İsrail də Almaniyaya qarşı qaldırdığı iddiada qalib gəlib tələb etdiyi təminatı aldı.
Ümumiyyətlə, beynəlxalq-hüquqi məsuliyyətin növləri və formaları arasında maddi məsuliyyət xüsusi yer tutur. Kompensasiya beynəlxalq hüquqda, həmçinin, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının layihəsində əks olunan əsas formalardan biridir. Orada göstərilir ki, kompensasiya dövlətə və ya beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi zərərin pul formasında ödənilməsidir. Kompensasiyanın ödənilməsini hüquqi baxımdan təsbit edən əsas beynəlxalq hüquqi aktlar yalnız bunlardan ibarət deyil. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq pakt, “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası və Avropa Mədəniyyət Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası da təcavüzkar dövlətlər üzərində məsuliyyət forması yaradır. Əsas beynəlxalq hüquqi aktlardan biri də özbaşına və ya qanunsuz olaraq öz əmlakından didərgin salınmış şəxslərin mülkiyyətinin geri qaytarılması ilə bağlı hüquqi və texniki məsələlər üzrə təlimatlardır ki, bu sənəd 2005-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasında rəsmən təsdiqlənib. Orada əks olunan prinsiplər zərərçəkmişə kompensasiya ödəməyə icazə verir. Digər tərəfdən BMT Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsində də bu məsələ ilə bağlı ayrıca müddəa var. Orada qeyd edilir ki, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri kompensasiya yolu ilə ödəməyə borcludur.
Bütün bunlar o deməkdir ki, Ermənistan da beynəlxalq hüququn məyyən etdiyi məsuliyyətin tərkib hissəsi ola bilər. Çünki onun işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi cinayətlər, kütləvi talançılıq halları, vandlizm aktları ilə bağlı çoxsaylı faktlar artıq beynəlxalq sənədlərdə əksini tapıb. Hələ 2000-ci ildə BMT-nin İnsan İnkişafı Hesabatında Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana vurulan ümumi iqtisadi zərərlə bağlı konkret rəqəm yer alıb: 53,5 milyard dollar. Şübhəsiz ki, indiki vəziyyət 24 il əvvəlki vəziyyətlə yerdən göyə qədər fərqlənir və aparılan araşdırmalar tamamilə başqa mənzərəni ortaya qoyub. Bu mənzərəni dəyişmək isə yalnız Ermənistandan asılıdır. İrəvan adminstrasiyasının Azərbaycanın təkliflərinə verəcəyi cavab sülh sazişinin gələcəyini müəyyən edəcək. Ya Azərbaycanın təklifləri ilə razılaşıb sülh sazişini imzalayacaq, ya da illərlə beynəlxalq məhkəmələrdə sürünüb ağır təzminat şərtlərini yerinə yetirməli olacaqlar.
MTM Analitik Qrup