ERMƏNİSTAN HAKİMİYYƏTİ NEONASİST İDEYALARIN TƏBLİĞİNƏ GENİŞ ŞƏRAİT YARADIR 

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi, eləcə də lokal antiterror tədbirləri zamanı təkcə Ermənistanla deyil, dünya erməniliyi, onların himayədarları ilə müharibə apararaq tarixi zəfər qazanıb. Beləliklə, erməni millətçilərinin təbliğ etdiyi saxta mifologiya darmadağın edilib, onların ideoloji təxribatlarının qarşısını alınıb.

Ölkəmizin 2023-cü ilin sentyabrında dövlət suverenliyini tam bərpa etməsinə rəğmən, Ermənistan hakimiyyətində və cəmiyyətində yer alan müəyyən radikal-millətçi qüvvələr etnik qarşıdurmaya xidmət edən zərərli düşüncələrdən xilas ola bilmirlər. Qondarma rejimin tör-töküntülərinin son bir ildə etnik təmizləmə iddiaları ilə çıxış etmələri, onların İrəvandakı “nümayəndəliyi”nin fəaliyyətinə hələ də son qoyulmaması Ermənistanın sülh və etimad qurucuğu prosesində səmimi olmadığını göstərir. Qeyd edilənlər azmış kimi, Ermənistanda neonasist ideyalarına əsaslanan, ultra-millətçi təşkilatların fəaliyyətinə də şərait yaradılır. 2021-ci ildə ABŞ vətəndaşı Hayk Nazaryan tərəfindən yaradılmış “Hosank” neonasist, ifrat sağçı təşkilatının son zamanlar fəallaşması, dekabrın 18-də İrəvanın mərkəzində toplantı və mətbuat konfransı keçirəcəyini bəyan etməsi erməni cəmiyyətində etnik-milli zəmində nifrətin, irqçilik ideologiyasının hökm sürdüyünü təsdiq edir. Təşkilat açıq şəkildə fəaliyyət göstərir, ofisi, rəsmi saytı var, ianələr toplayır, nasist ideologiyasını əks etdirən materiallar dərc edir. Bütün neonasist təşkilatları kimi “Hosank” üzvləri də hər fürsətdə Hitleri tərifləyir, “erməniləri bütün əzablardan xilas edəcək”, “erməni reyxini quracaq” eyni çılğın və qəddar liderin hakimiyyətə gəlməsinə ehtiyac olduğunu iddia edirlər.

Bu ilin yanvarında “Hosank”ın üzvləri nasist rəmzlərinin əks olunduğu bayraq və plakatlarla İrəvanın mərkəzindən keçib, İkinci Dünya müharibəsi illərində faşistlərlə SSRİ əleyhinə əməkdaşlıq etmiş erməni Qaregin Njdenin xatirəsini yad edib, “nasist salamı” veriblər. Rəsmi İrəvan bu təxribatı susqunluqla qarşıladığı halda, Rusiya Xarici İşlər Nazirliyi bəyanat verərək kəskin şəkildə pisləyib. Son günlərdə Rusiyanın bir sıra media orqanları İkinci Dünya müharibəsində çoxlu sayda itki vermiş Ermənistanda faşist hərəkatının fəallaşması ilə bağlı açıq narahatlıqlarını bildirir, həyəcan təbili çalırlar. Ermənistan hüquq-mühafizə orqanlarının bu irqçiliyə loyal münasibəti kəskin şəkildə pislənilir.

Xatırladaq ki, hələ 2019-cu ildə Ermənistanın paytaxtında alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət edən faşist Qaregin Ter-Arutyunyana (Njde) abidə ucaldılması bu ölkədəki neonasizmin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın bariz göstəricisi olub. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 2019-cu ilin dekabrında Aşqabadda keçirilən iclasında Ermənistanda faşistlərin xatirəsinin əbədiləşdirilməsini, Yerevanın mərkəzində Qaregin Njdeyə heykəl qoyulmasını sərt tənqid etmişdi. Eyni zamanda, Qaregin Njdenin Avropanın yəhudi əhalisinə qarşı Holokostda (soyqırımında) yaxından iştirak etdiyini diqqətə çatdırmışdı.

Ermənistanın hazırki rəhbərliyi Avropada fəaliyyətini faşizm ideologiyası üzərində quran ictimai-siyasi təşkilatlarla sıx əməkdaşlıq edir. Bunlardan biri də  Almaniyanın “Almaniya üçün alternativ” ultrasağçı partiyasıdır. Eyni zamanda, 2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlıq etdiyi barədə məlumatlar aşkara çıxmışdı. Məlum olmuşdu ki, Paşinyanın babası, 1913-cü il təvəllüdlü Nikol Vartaoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşüb. Bu fakt  Ermənistanın özündə də ciddi rezonans doğurmuşdu. 2021-ci ildə Xocavənd rayonunun Ermənistan silahlı birləşmələrinin nəzarətində olmuş hissəsində Qaregin Njdeyə heykəl qoyulması da bu ölkədə nasist ideologiyasına rəğbətin mövcudluğuna dəlalət edən növbəti fakt idi.

Son 35 ildə Ermənistanda hakimiyyətdə olmuş qüvvələr saxta tarixi faktlar üzərində Cənubi Qafqaz regionunda fəlakətlərə səbəb olmuş təhlükəli ideoloji prinsiplər formalaşdırıb. Bu “ideologiya”nın əsasını milli kimliyin üstünlüyü, nasizm ideyaları, türkofob və Azərbaycanofob yanaşma təşkil edib. Qeyd edilənlərin nəticəsidir ki, erməni cəmiyyəti hələ də yeni geosiyasi reallıqlara uyğunlaşa bilmir. Məhz buna görə də Prezident İlham Əliyev postmünaqişə dövründə Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət aşılamağa, etnik-dini münasibətləri qızışdırmağa xidmət edən anti-humanist dövlət siyasətinin mövcudluğunu, tətiklənən revanşizm meyillərinin sülh və təhlükəsizliyə təhdid olduğunu bəyan edib.

Rəsmi İrəvan ölkəmizə qarşı ərazi iddialarının yer aldığı konstitusiyasını dəyişdirməkdən imtina etməklə, saxta ideologiyanın, qonşu ölkələrə qarşı ərazi iddialarının girovu olduğunu nümayiş etdirir. Cənubi Qafqaz regionunun yoxsul ölkəsi olan Ermənistanın inkişafını tormozlayan başlıca səbəblərdən biri də bu ölkənin qisas və ədavətə əsaslanan zərərli dövlət ideologiyasıdır. Bu “ideologiya” Ermənistanı bütün səmərəli layihələrdən, Türkiyə və Azərbaycanla sivil əməkdaşlıq imkanlarından kənarda qoyub.

Rəsmi Bakı Ermənistandakı revanşist meyilləri zərərsizləşdirmək, bu ölkəni beynəlxalq miqyasda ifşa etmək məqsədilə siyasi-hüquqi müstəvidə zəruri tədbirləri həyata keçirir. 2021-ci ildə Azərbaycanın Ermənistanda azərbaycanlılara qarşı irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair vəsatətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbulu təbliğati-siyasi baxımdan əhəmiyyətli olub. Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı onunla şərtlənib ki, münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanda azərbaycanlıları alçaltmağa, təhqir etməyə yönəlmiş nifrət ritorikasına əsaslanan açıqlamalar, foto və video materiallar, yeni müharibəyə və qisasa çağırışlar davamlı şəkildə təbliğ olunur. Nifrət nitqinə misal olaraq, Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilir. Bundan əlavə, Ermənistanın əsasən, motoetnik dövlət olması, başqa din və millətlərə aqressiv münasibəti digər beynəlxalq təşkilatların hesabatlarında da yer alıb.

Ümumiyyətlə, rəsmi Bakının bu mövzuya xüsusi diqqət ayırması Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu zərərli siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır.  

MTM Analitik Qrup