ERMƏNİSTAN HAKİMİYYƏTİ CƏMİYYƏTİ SÜLH PROSESİNƏ HAZIRLAMAĞA ÇALIŞIR

Dövlət suverenliyinin bərpasından sonra Azərbaycanın həyata keçirdiyi siyasət, ilk növbədə, regiondakı yeni siyasi reallıqların dünya birliyinə və Ermənistana qəbul etdirilməsinə, yekun sülh sazişi ilə əlaqədar danışıqların milli maraqlarımız çərçivəsində davam etdirilməsinə yönəlib. Bu çevik və səmərəli diplomatiya Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının ərazilərimizdən vaxtından əvvəl çıxmasına, Ermənistanın sülh prosesində daha konstruktiv mövqe nümayiş etdirməsinə imkan yaradıb.

Rəsmi Bakının qətiyyətli addımları fonunda Nikol Paşinyan hakimiyyəti regiondakı yeni geosiyasi reallıqları qəbul edir, sülhün alternativinin olmadığını erməni cəmiyyətinə aşılamağa çalışır. Ermənistan baş nazirinin son mətbuat konfransındakı açıqlamaları göstərir ki, qarşı tərəf sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, qarşılıqlı iddiaların aradan qaldırılması, ATƏT-in Minsk qrupunun ləğvi məsələlərində Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edir.

Cənubi Qafqaz regionunun yoxsul ölkəsi olan Ermənistanın inkişafını tormozlayan başlıca səbəblərdən biri də bu ölkənin qisas və ədavətə əsaslanan zərərli dövlət ideologiyasıdır. Bu ideologiyanın erməni xalqı üçün yaxşı heç nə vəd etmədiyini, Ermənistanın milli təhlükəsizliyinə ciddi təhdid olduğunu artıq Nikol Paşinyan hakimiyyəti də açıq etiraf edir. Erməni ictimaiyyətində uzun illər boyu formalaşdırılmış ümid və təsəvvürlərin düzgün olmadığına işarə edən Nikol Paşinyan bildirib ki, tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında müəyyən ziddiyyətlər var: “Məncə, problem dünyanı necə qavradığımıza diqqət yetirməmək vərdişimizdədir. Çünki dünya inkişaf edir, dəyişir, amma biz onu əvvəlki kimi qavramaqda davam edirik…Mən belə qənaətə gəldim ki, biz real Ermənistanı həm tarixi Ermənistan, həm də real Ermənistan üçün örnək kimi qəbul etməliyik. Başqa yol yoxdur”.

Ermənistan baş naziri bu açıqlamaları ilə erməni cəmiyyətinə tarixən sırınan saxta ideologiyanın mənasız olduğunu, müasir dünyanın, o cümlədəki regionun yeni geosiyasi reallıqlarının qəbul edilməsi vacibliyini önə çəkib. Məsələ bundadır ki, son 35 ildə Ermənistanda hakimiyyətdə olmuş qüvvələr saxta tarixi faktlar üzərində Cənubi Qafqaz regionunda fəlakətlərə səbəb olmuş təhlükəli ideoloji prinsiplər formalaşdırıblar. Bu ideologiyanın əsasını milli kimliyin üstünlüyü, faşizm ideyaları, türkofobiya və azərbaycanofobiya təşkil edib. Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanda azərbaycanlıları alçaltmağa yönələn, nifrət ritorikasına əsaslanan açıqlamalar, foto və video materiallar, qisasa çağırışlar davamlı şəkildə təbliğ olunur.

Prezident İlham Əliyev Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət aşılamağa, etnik-dini münasibətləri qızışdırmağa xidmət edən anti-humanist dövlət siyasətinin mövcudluğunu, faşizm meyillərinin sülh və təhlükəsizliyə təhdid olduğunu dəfələrlə bəyan edib. Belə ki, Ermənistan cəmiyyətində, mərkəzi hakimiyyətinin daxilində və ictimai-siyasi palitrasında yer alan müəyyən radikal-millətçi qüvvələr hələ də etnik qarşıdurmaya xidmət edən zərərli düşüncələrdən xilas ola bilmirlər. Erməni müxalifətinin radikal “Qarabağ klanı”nın, eləcə də özünü buraxmağa məcbur edilmiş qondarma rejimin tör-töküntülərinin səsləndirdikləri absurd iddialar da bunu aydın şəkildə göstərir.

“Dənizdən-dənizə Ermənistan”, “erməni soyqırımı”, eləcə də qonşu ölkələrə qarşı ərazi iddiaları Ermənistanın son illərdəki acı məğlubiyyətlərinin, ağır sosial-iqtisadi vəziyyətə düşməsinin və dalan dövlətə çevrilməsinin əsas səbəbidir. Bu kimi saxta ideloji qəliblərin təsiri altında 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” kimi absurd bəyanat səsləndirən Nikol Paşinyan özü də İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra mövcud geosiyasi reallıqlarla barışmalı olub.

Hazırda rəsmi İrəvanın səyləri dolayı ilə erməni cəmiyyətindəki revanşist meyilləri aradan qaldırmağa, real vəziyyətin qaçılmazlığını əks siyasi qüvvələrə aşılamağa, bir sözlə, erməni ictimaiyyətini sülh prosesinə hazırlamağa yönəlib. Ermənistan rəsmiləri etiraf edir ki, regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər. Azərbaycanın təşəbbüsçüsü olduğu 3+3 platforması, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Uzaq Şərqdən Avropayadək bir çox ölkələrin maraq dairəsindədir.

Bu konteksdə Nikol Paşinyan özü də etiraf edir ki, hazırda yekun sülhə əsas problemlərdən biri Ermənistan cəmiyyətinin müasir proseslərə hələ də yanlış tarixi prizmadan yanaşması, saxta ideoloji təsəvvürlərdən xilas ola bilməməsidir. Üstəlik, bəzi aparıcı ölkələrdə erməni diasporunun destruktiv-pozucu fəaliyyəti Ermənistan hakimiyyətinin sülh danışıqlarında qətiyyətli qərarları qəbul etmək imkanlarını məhdudlaşdırır.

Bütün bunlara baxmayaraq, rəsmi İrəvan ictimai rəyə bu reallığı qəbul etdirməyə çalışır ki, Ermənistanın hazırkı şəraitdə regionda Azərbaycanla dayanıqlı sülhdən başqa yolu yoxdur. Bu ölkənin son ilərdə yeni reallığa qarşı çıxmaq, onu dəyişmək, müəyyən revanşist bəyanatlarla, eləcə də əsassız “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı təzyiqləri gücləndirmək cəhdləri iflasa uğrayıb. Bu gün Ermənistanın müstəqil dövlət kimi təhlükəsizliyini təmin etməsi, dalan vəziyyətdən çıxması, tranzit əhəmiyyətini artırması məhz Azərbaycanla dayanıqlı sülhün əldə olunmasından asılıdır.

MTM Analitik Qrup