ERMƏNİSTAN GEOİQTİSADİ HƏRRAC ELAN EDİB

Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları regional geosiyasətdə yeni və daha mürəkkəb mərhələnin başlandığını göstərir. Ənənəvi ərazi və suverenlik diskurslarının fonunda bu dəfə söhbət konkret olaraq kommunikasiya yollarının idarə olunmasının beynəlxalq autsorsinqə verilməsi ideyasından gedir. Bu yanaşma ilk baxışda texnokratik iqtisadi model kimi görünsə də, əslində dərin geosiyasi çək-çevirlərin bariz ifadəsidir.

Paşinyanın “Sünikdə yolun autsorsinqində təkcə ABŞ deyil, həm də Avropa İttifaqı maraqlıdır” bəyanatı, əslində Ermənistanın Zəngəzur dəhlizinin yalnız regional deyil, həm də qlobal oyunçuların maraq dairəsinə daxil olduğunu göstərir. Çünki Qərb, xüsusən də ABŞ və Avropa İttifaqı bu dəhliz vasitəsilə Çinlə Avropa arasında alternativ ticarət yoluna nəzarət etmək, Türkiyə-Rusiya-İran üçbucağında balans yaratmaq, həmçinin Azərbaycanın artan tranzit imkanlarını siyasi nəzarət altına almaq istəyir. Bu baxımdan, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın Zəngəzur dəhlizinin nəzarətinin ABŞ tərəfindən həyata keçirilməsinə dair təklifi, sadəcə logistika məsələsi deyil, siyasi “nəzarət dəhlizi”nin inşasıdır. Hazırda isə Paşinyan Zvartnots hava limanı, su təchizatı və dəmir yolları kimi nümunələrlə sübut etməyə çalışır ki, infrastrukturun idarəetməyə verilməsi ərazi bütövlüyünün pozulması anlamına gəlmir. Bu, əsasən daxili auditoriyanı sakitləşdirməyə və populist müxalifətin “xəyanət” ritorikasına qarşı önləyici mövqedir. Lakin burada iki vacib məqam ortaya çıxır. Birincisi, Zəngəzur dəhlizi yalnız iqtisadi obyekt deyil, o, Ermənistanın cənubunu Azərbaycanın qərb hissəsi ilə birləşdirən strateji arteriyadır. Ona görə də bu dəhlizin “idarəetməyə verilməsi”, təkcə kommersiya məsələsi kimi deyil, suverenlik məsələsi kimi dəyərləndirilir. İkincisi, Paşinyan beynəlxalq şirkətlərə və hətta ayrı-ayrı dövlətlərə mesaj verir ki, ən cəlbedici şərtləri verən tərəf udacaq. Bu isə Ermənistanın açıq geoiqtisadi hərrac elan etməsi anlamına gəlir.

Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr bəyanatının əsas maddələrindən biridir. Bu yolun açılması yalnız Naxçıvanla fiziki əlaqənin bərpası deyil, Türkiyə ilə fasiləsiz quru yolunun açılması, Orta Dəhlizin gücləndirilməsi və bölgədə iqtisadi reinteqrasiyanın başa çatdırılması deməkdir. Paşinyanın təklif etdiyi model, əgər Ermənistanın tam nəzarəti və hüquqi üstünlüyü çərçivəsində həyata keçiriləcəksə, bu, Azərbaycanın strateji maraqlarına cavab verməyə bilər. Xüsusilə də kommunikasiyaların “Ermənistan qanunları çərçivəsində” işləməsi bir növ Azərbaycanın suveren nəqliyyat hüquqlarını məhdudlaşdırmaq mənasını daşıyır. Digər tərəfdən, dəhlizin beynəlxalq nəzarətə verilməsi ideyası Rusiya və İranın kəskin etirazına səbəb ola bilər. Bu model bölgədə daha çox ziddiyyətlər yarada, yeni diplomatik böhranlara yol aça bilər.

Nikol Paşinyanın bəyanatı göstərir ki, artıq Zəngəzur dəhlizi regional məsələ çərçivəsindən çıxararaq qlobal güclərin maraq zonasına çevrilib. ABŞ, Avropa İttifaqı, Çin və bəlkə də gələcəkdə Hindistanın belə bu layihədə maraqlı olması, Ermənistanı yeni “tranzit bazarlıq” kartına sahib edir. Lakin bu kartın oynanması Ermənistan daxilindəki siyasi sabitlikdən, Azərbaycanın geosiyasi reaksiyasından  və əlbəttə ki, İrəvanın Rusiya və İranı nə dərəcədə inandırmasından asılı olacaq.

MTM Analitik Qrup