ERMƏNİSTAN-FRANSA “DOSTLUĞU” – XXI ƏSRDƏ MÜSTƏMLƏKƏÇİLİK

CBC TV telekenalında Fransanın müstəmləkəçi mahiyyətini əks etdirən süjet təqdim olunub.

Süjetdə qeyd olunur ki, Ermənistan Parislə münasibətləri barədə düşünməlidir. Belə ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətləri dəstəkləyən Fransa ilə münasibətlər İrəvanın özü üçün təhlükəli ola bilər.

Süjetin əvvəlində Fransanın Vyetnamda 60 ildən çox davam etmiş və yüzminlərlə günahsız insanın ölümü ilə nəticələnmiş müstəmləkəçilik tarixindən bəhs olunur. Materialda fransızların Hanoy şəhərində 1896-cı ildə inşa etdiyi həbsxana kompleksi barədə danışılır. Bu həbsxanada siyasi məhbuslar saxlanılır və dəhşətli işgəncələrə məruz qalırdı.

“Fransadakı müasir siyasi xadimlər öz dövlətlərinin müstəmləkəçilik siyasəti barədə xatırlamağı xoşlamırlar. Fransanın digər ölkələrdə hökmranlığı ərzində milyonlarla insan, xüsusilə müsəlman və ərəblər vəhşicəsinə öldürülüb. 1830-cu ildən 1962-ci ilədək fransız qoşunları milyonlarla əlcəzairlini qətlə yetirib, məscidlər dağıdılıb və məhv edilib. Fransızlar Məğrib müsəlmanlarına qarşı qorxunc soyqırımı həyata keçirib”, – süjetdə deyilir.

Materialda qeyd olunur ki, Paris bu gün bəzi ölkələrin digər ölkələrə təcavüzünə göz yumur, bəzən isə zorakılığı təşviq edir.

“Fransanın ən yaxın müttəfiqlərindən olan Ermənistan 30 il ərzində qonşu Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayıb. Qanunsuz işğal Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı ilə müşahidə olunub. Azərbaycanın regionda sülh, sabitlik və inkişafı təmin etmək cəhdləri fonunda Parisin qərəzli mövqeyi sülhə nail olmaqda vacib vasitəçi qismində Fransaya olan inamı azaldıb. Onilliklər keçəndən sonra da Fransanın müstəmləkəçi siyasətini bir sıra ölkələrdə müstəqillik uğrunda mübarizə tarixində qara ləkə kimi xatırlayırlar. Bu gün İrəvanda düşünməlidirlər ki, ilk baxışdan səmimi görünən Parisin dəstəyi 21-ci əsrdə Fransa müstəmləkəçiliyinə çevrilməsin”, – videomaterialda vurğulanır.