ERMƏNİSTAN ENERJİ TƏHLÜKƏSİZLİYİNİ AZƏRBAYCANA HƏVALƏ EDİR

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar Ermənistan üçün də yeni imknalar pəncərəsi açır. Ölkəmizn Ermənistanla bağlı tranzit embarqosunu aradan qaldırmasından sonra Rusiyadan və Qazaxıstandan gələn taxılın Azərbaycan üzərindən sözügedən ölkəyə çatdırlması qeyd edilənlərin konkret nümunələrindən biridir. Sülh müqaviləsinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından sonra isə Ermənistan daha böyük dividendlər əldə edəcək. Hətta proseslərin inkişaf axarı göstərir ki, Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycan perspektivdə həlledici söz sahibi ola bilər.    

Xatırlatmaq lazım gəlir ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə ticarət əlaqələrinin, o cümlədən strateji məhsulların alış-verişinin tam şəkildə məhdudlaşdırılmasına səbəb olub. 2020-ci il Vətən müharibəsi, 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra regionda yeni siyasi reallıq formalaşıb və bu reallıq fonunda iqtisadi kommunikasiyaların bərpası məsələsi diqqət mərkəzinə gəlib. Bu kontekstdə ən çox müzakirə olunan mövzulardan biri gələcəkdə Azərbaycandan Ermənistana təbii qaz, neft və neft məhsullarının ixracının mümkünlüyüdür. Məsələ bir tərəfdən geosiyasi təhlükəsizlik, digər tərəfdən iqtisadi rasionallıq və hüquqi əsaslar baxımından çoxşaxəlidir. Artıq sözügedən xüsusda müəyyən müzakirələrin aparıldığı da məlumdur. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dohada keçirilən beynəlxalq forumda səsləndirdiyi fikirlər də bu mənada xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib.Prezidentin köməkçisi əlavə edib ki, Bakı və İrəvan rəsmiləri müxtəlif kanallar vasitəsilə müntəzəm təmasdadırlar və əldə edilmiş razılaşmaların tam həyata keçirilməsi üzərində fəal işləyirlər.

Bununla yanaşı, o da məlum olub ki, İrəvanla  Bakı neft və neft məhsullarının  Azərbaycandan Ermənistana ixracını müzakirə edirlər. Hikmət Hacıyev neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın bu günlərdə Qəbələyə səfəri zamanı müzakirə edildiyini diqqətə çatdırıb:  “Bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Azərbaycanın Qəbələ rayonuna səfər etdi. Bu, yenə də misilsiz hadisə idi. Ermənistan baş nazirinin müavini Azərbaycana rəsmi səfəri zamanı sərhədlərin delimitasiya prosesi müzakirə edildi. Bununla bərabər iki ölkə arasında bəzi qarşılıqlı ticarət məsələləri müzakirə edildi. Bu istiqamətlərdən biri indi bizim müzakirə etdiyimiz neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı məsələsidir. Bu da həmçinin misilsiz hadisədir”.

Sözügedən tədbirdə çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə ölkəsinin TRİPP marşrutunun, yəni Zəngəzur dəhlizinin açılmasından yeni imkanlar gözlədiyini bildirib. Hikmət Hacıyev də diqqəti ona yönəldir ki, Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək: “Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsinin kökündən dəyişməsinə təsir göstərəcək. Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır”. İlkin mərhələdə Zəngəzur dəhlizinin ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək. Dəhlizdən avtomobil və dəmir yolları ilə yanaşı, təbii qaz kəmərinin, elektrik enerjisi xətlərinin keçməsi də nəzərdə tutulur.  Elə bu fonda perspektivdə Ermənistan Azərbaycandan təbii qaz, hətta elektrik enejisi də idxal edə bilər.

Ermənistan qaz təchizatında əsasən Rusiyadan və qismən də İrandan asılı vəziyyətdədir. Bu asılılıq Ermənistan üçün enerji təhlükəsizliyi baxımından risk yaradır və təchizat marşrutlarının məhdudluğu ölkəni geosiyasi dəyişikliklərə qarşı həssas edir. Azərbaycan qazının potensial ixracı isə Ermənistan üçün alternativ və daha qısa təchizat xətti təmin edə bilər. Elektrik enerjisi sahəsində də vəziyyət  Ermənistan üçün ürəkaçan deyil.  Bu ölkə elektrik enerjisi istehsalında həm atom, həm su, həm də istilik mənbələrindən istifadə edir. Bununla belə, ölkənin enerji sistemi regional şəbəkələrdən təcrid olunmuş şəkildə fəaliyyət göstərir və Azərbaycanla elektrik xətti əlaqələri SSRİ dövründən qalan infrastrukturun sıradan çıxması nəticəsində tamamilə dayandırılıb. Azərbaycan isə enerji istehsal güclərini artırmaqla təkcə daxili tələbatı deyil, həm də ixrac imkanlarını genişləndirir. Hazırda Azərbaycan Gürcüstan, Türkiyə və Avropa istiqamətində elektrik ixracını artırır.  Ermənistanla elektrik mübadiləsinin bərpası isə yalnız ölkələrarası köhnə elektrik xətlərinin tam yenidən qurulması və yeni texniki standartlara uyğunlaşdırılması ilə mümkündür.

Azərbaycandan idxal Ermənistan üçün daha ucuz başa gəldiyindən və hər hansı üçüncü ölkə ərazsindən tranzitə ehtiyac olmadığından məsələ qarşı tərəf üçün olduqca maraqlıdır. Ermənistanda nəzərə alınır ki, Cənubi Qafqazda enerji layihələrinin mərkəzində məhz Azərbaycan dayanır. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji xəritəsini dəyişdirərək Azərbaycanı əsas ixrac mərkəzinə çevirib. Ermənistan isə uzun illər geosiyasi səbəblər üzündən bu layihələrin heç birinə qoşula bilməyib, enerji təhlükəsizliyində isə əsasən Rusiya və İrandan idxala bağlı vəziyyətdə qalıb. Bu halda Azərbaycanla enerji sferasında da əməkdaşlıq qurulması Ermənistan üçün tamamilə yeni perspektivlər, üstünlüklər vəd edir. Təbii ki, ölkəmizdən Ermənistana enerji, o cümlədən neft və neft məhsullarının ixracı adi ticarət aktından daha çox strateji xarakter daşıyan məsələdir. Hazırda Ermənistanın təbii qaz, neft məhsullarını idxal marşrutlarının məhdudluğu, yüksək logistika xərcləri və geosiyasi risklər bu ölkənin enerji bazarını kövrək vəziyyətdə saxlayır. Azərbaycan isə geniş infrastrukturu, yüksək istehsal gücü və ixrac imkanları ilə regionda əsas enerji tədarükçüsüdür.

Təbii ki, Ermənistan kimi yaxın və kiçik bazara çıxış Azərbaycan üçün iqtisadi müstəvidə hansısa üstünlük vəd etmir. Amma regionda sülh və sabitliyin qurulması, etimad mühitinin dərinləşməsində bu məsələ müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, Ermənistanın enerji təminatında Azərbaycanın rolunun artması Bakının regiondakı strateji təsir imkanlarını daha da gücləndirəcək. Lakin bütün bu iqtisadi faydalar yalnız Ermənistanın ölkəmizlə sülh müqaviləsi imzalaması, təhlükəsizlik təminatlarının möhkəmləndirilməsi və kommunikasiyaların açılması istiqamətində qarşı tərəfin real iradə nümayiş etdirməsi şəraitində mümkün ola bilər. Əgər bu amillər təmin olunarsa, enerji əməkdaşlığı gələcəkdə Cənubi Qafqazda davamlı sülhün və iqtisadi inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilə bilər. Azərbaycan proseslərin məhz bu istiqamətdə inkişafında maraqlı tərəfdir.

MTM Analitik Qrup