Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması uzun müddətdir Rusiyanın hərbi-siyasi təsirində olan bir ölkə üçün mühüm strateji dönüş nöqtəsi hesab oluna bilər. Lakin əgər Ermənistan tamamilə Moskvanın təsirindən çıxmış olsaydı… Fakt ondan ibarətdir ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda başlayan anti-Rusiya kampaniyası hələ də öz hədəfinə çatmayıb. Hərbi-siyasi məsələlərdə Moskvanın maraqlarının ziddinə gedən Ermənistan hakimiyyəti cidd-cəhdlə Rusiyadan iqtisadi asılılığı davam etdirməkdə qərarlıdır. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 16 milyard dollara çatması da bunu təsdiqləyir. Lakin İrəvan Rusiyanın çirkli pullarının onun vasitəsilə yuyulması fürsətini əldən vermək istəmir. Digər tərəfdən də onun əsas dəstəkçisi olan Qərb Rusiya ilə əməkdaşıq edən başqa ölkələrə göstərdiyi sərt münasibəti Ermənistana tətbiq etmir. Lakin indi məsələ dalana dirənib. Qərbin də, bir vaxtlar Rusiyanın da ərköyün uşağa döndərdiyi Ermənistanın şıltaqlıqları bitmir. O, indi Avropa İttifaqına üzvlük sevdasına düşüb və bu, şübhəsiz ki, Rusiyanın xoşuna gəlmir. Çünki bu prosesi həyata keçirərkən Ermənistanın hələ də Avrasiya İqtisadi İttifaqında qalması və Rusiya ilə olan hərbi-siyasi əlaqələrini davam etdirməsi böyük tərəddüd yaradır. Bu vəziyyət ölkənin həm daxili, həm də xarici siyasətində böyük səmərəliliyi olan bir yanaşmaya çevrilməyəcək və bu vəziyyət Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə bağlı mövqeyini ciddi şəkildə təftiş etməyi tələb edir. Əsas sual ondan ibarətdir ki, bundan sonra Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalması nə dərəcədə məqbuldur?
Ermənistan 2015-ci ildə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqına qoşulub. Bu ittifaq təkcə iqtisadi sahədə deyil, həm də hərbi-siyasi baxımdan güclü bağlar yaradıb. Ermənistanın bu ittifaqa üzvlüyü, uzun müddət Rusiyanın təsiri altında qalması regionda Moskvanın liderliyi ilə hərbi-siyasi ittifaqların mövcudluğunu davam etdirməsi demək idi. Lakin hazırki vəziyyət Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində apardığı siyasətlə ziddiyyət təşkil edir. Əgər Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə paralel əlaqələr qurmaq istəyirsə, bu, praktiki olaraq, mümkün deyil və onun xarici siyasətində ciddi qarşıdurmalara, qarşılıqlı maraqların toqquşmasına gətirib çıxara bilər. Digər tərəfdən əgər Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı qəti qərar qəbul edibsə, Avrasiya İqtisadi İttifaqı Ermənistanın iqtisadi və siyasi müstəqilliyinə ciddi təhdidlər yaradacaq, onu öz təsirində saxlamağa davam edəcək. Bundan əlavə, Moskva özünün hərbi-iqtisadi təsirini qorumaq məqsədilə Ermənistana qarşı iqtisadi təzyiqləri və hərbi alətləri işə sala bilər. Avropa İttifaqı ilə əlaqələrini daha da inkişaf etdirəcəyi təqdirdə hələ ki, iqtisadi cəhətdən Rusiyadan əsaslı şəkildə asılı olan Ermənistanın bu ölkənin sanksiyaları ilə qarşılaşacağı istisna olunmur. Lakin Moskva Ermənistanı təhdid etməzdən əvvəl Avropa ilə yaxınlaşmaq istəyən Ermənistanı yaxın müttəfiqi kimi saxlamağa çalışacaq. Çünki son illərin hadisələri göstərir ki, Nikol Paşinyanın təxribatçı addımları qarşısında Moskva olduqca təmkinli davranıb, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı həyata keçirdiyi siyasətə təsir edə bilməyib, hətta rus sərhədçilərinin Ermənistan sərhədlərini qorumaq missiyası da tədricən aradan qalxmaq üzrədir. Belə olan halda Ermənistan mövcud güc balansını qorumalıdır. Daha dəqiq desək, Ermənistanın bir dövlət kimi suverenliyi Rusiya ilə əlaqələrdən asılıdır. Yox, əgər Ermənistan həm Avropaya inteqrasiya, həm də Rusiyanın təsiri arasında balans qurmaq siyasəti yürütsə bu zaman böyük çətinliklərlə üzləşəcək.
MTM Analitik Qrup