ERMƏNİSTAN DEPORTASİYA CİNAYƏTİNİ SAXTA FAKTLARLA ÖRT-BASDIR ETMƏYƏ ÇALIŞIR

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1988-ci ildə azərbaycanlıların sonuncu deportasiyasına dair verdiyi bəyanatda azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı faktları saxtalaşdırıb. O, hadisələri təhrif edərək guya deportasiya zamanı azərbaycanlılara kompensasiya ödənildiyini və onların könüllü şəkildə ərazilərini tərk etdiklərini bildirib. Lakin yaxın keçmişin hadisəsi olan sonuncu deportasiya ilə bağlı xarici işlər nazirinin dedikləri tarixi faktlarla ziddiyyət təşkil edir. Belə ki, Cənubi Qafqaza köçürülmə və məskunlaşdırma siyasətinin əsas iştirakçılarından olan ermənilər azərbaycanlıların tarixi torpaqlarında yerləşəndən sonra onları min illər boyu yaşadıqları doğma torpaqlarından qovub, kütləvi köç və qətllərin törədilməsində xüsusi fəallıq göstəriblər. Bu çərçivədə 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə qovulub. 1987-1991-ci illərdə isə azərbaycanlıların tarixi-etnik torpaqlarından sonuncu deportasiyası nəticəsində 250 mindən artıq soydaşımız dədə-baba torpaqlarını zorla tərk etmək məcburiyyətində qalıblar. Bu, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın “Yerkpara” terrorçuları qarşısında 1993-cü ildə etdiyi çıxışın bu yaxınlarda yayılan videosundan da məlum oldu. Tarixi Azərbaycan torpaqlarının işğalını “600 illik problemin həlli” kimi xarakterizə edən Ter-Petrosyanın bu yanaşması orada mövcud olan irqçi-şovinist ideologiyasının hələ də davam etdiyini göstərir. Çünki onun şovinist fikirlərini Ararat Mirzoyanın bəyanatları davam etdirir.

Ermənistanın xarici işlər nazirinin guya azərbaycanlıların könüllü surətdə öz ərazilərindən çıxması, dövlətin onlara konpensasiya ödəməsi ilə bağlı dedikləri də yalandır. Bununla əlaqədar o dövrə dair çoxlu tarixi sübutlar mövcuddur. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası kütləvi hücumlar, erməni silahlı dəstələrinin azərbaycanlıların evlərini dağıtması, onların yaşadığı ərazilərdən zorla çıxarılması ilə müşayiət olunurdu. Hətta kütləvi hücumlar nəticəsində 200-dən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdi. Həmin dövrdə beynəlxalq təşkilatlar və müstəqil müşahidəçilər məcburi deportasiya və zorakılıq hallarını sənədləşdiriblər. Ona görə də Ararat Mirzoyanın azərbaycanlılara hər hansı kompensasiyanın ödənilməsi iddiası saxtadır. O dövrün dövlət strukturları, heç bir halda deportasiya olunan insanlara kompensasiya ödəməyib. Aksiyalar, cinayətkar hücumlar və zorakılıqlar nəticəsində milyonlarla insan evini tərk etməli olub, heç kim öz evinə qayıda bilməyib. Bu baxımdan Ermənistan hökumətinin bu məsələləri inkar etməsi və azərbaycanlıların tərk etdiyi torpaqları könüllü olaraq tərk etdiklərini bildirməsi beynəlxalq ictimaiyyətə qarşı açıq təhrifdir.

Ermənistan hakimiyyətinin bu cür bəyanatlar verməsinin arxasında yalnız tarixə qarşı saxtakarlıq deyil, həm də konkret strateji məqsəd durur. Son illərdə Qərbi azərbaycanlılar, xüsusilə də 1988-ci ildə Ermənistandan qovulan soydaşlarımız təşkilatlanmağa başlayıb. Bu təşkilatlanma elə ilk gündən tarixi ədalətin və itirilmiş hüquqların bərpası ilə bağlı Ermənistan hakimiyyətinə qarşı ciddi təzyiq mexanizminə çevrilib. Ermənistandakı siyasi hakimiyyət isə bu təşkilatlanmanın gələcəkdə onlar üçün yaradacağı problemləri hiss etməyə və görməyə başlayıb. İndi onların əsas vəzifələrindən biri bu təzyiqləri zəiflətmək və beynəlxalq səviyyədə Ermənistanın təcavüzkar hərəkətlərini ört-basdır etməyə yönəlib. Ona görədir ki, Ermənistan rəsmiləri belə saxta bəyanatlar verərək özlərini vəziyyətdən çıxarmağa, Ermənistan qarşısında müdafiə kordonu qurmağa çalışırlar. Lakin bütün hallarda bu cür manipulyasiyalar beynəlxalq hüququn və ədalətin tələbləri ilə ziddiyyət təşkil edir və əslində Ermənistanın öz günahlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

MTM Analitik Qrup