ERMƏNİSTAN DANIŞIQLAR PROSESİNİN İRƏLİLƏMƏSİ ÜÇÜN ZƏRURİ SİYASİ İRADƏ GÖSTƏRƏ BİLMİR

Azərbaycan Cənubi Qafqazda sülh gündəliyini təşviq etdiyi halda, Ermənistan regionu müxtəlif siyasi güclərin geosiyasi qarşıdurma və rəqabət meydanına çevirməyə çalışır, militarizasiya siyasəti yürüdür. Rəsmi İrəvanın bu cür destruktiv mövqedən çıxış etməsi, danışıqlar prosesində ciddi qərarlar qəbul etmək məqamında pozucu mövqe tutması, əslində, bizim üçün yenilik də deyil. Ermənistan rəhbərliyinin danışıqlar prosesini imitasiya xatirinə davam etdirməsi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin, 2023-cü ilin sentyabrında isə lokal antiterror tədbirlərinin başlanmasına, İrəvanın hərbi-siyasi kapitulyasiyasına gətirib çıxardı.

Respublikamızın lokal antiterror tədbirlərindən sonra regionda formalaşdırdığı yeni geosiyasi reallıq hazırda beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Qarabağdakı xunta rejiminin süqutu fonunda bütün məkrli planları iflasa uğrayan rəsmi İrəvanın erməni əsilli şəxslərin Qarabağdan könüllü köçü ətrafında qaldırdığı süni ajiotaj da son bir ildə praktiki olaraq nəticəsiz qalıb. Belə bir şəraitdə zamanın ölkəmizin xeyrinə işlədiyini yaxşı başa düşən Ermənistan sülh danışıqlarının sürətlənməsi üçün qətiyyətli addımlar atmır, o qədər də prinsipial əhəmiyyət kəsb etməyən məsələlərdə belə siyasi iradə nümayiş etdirə bilmir.

Bunun əsas səbəblərindən biri də Ermənistanın Rusiya və Qərb arasında geosiyasi rəqabət meydanına çevrilməsidir. Xüsusilə Fransa və ABŞ Cənubi Qafqazda tezliklə sülhün bərpasını yanlış olaraq Rusiyanın maraqlarına cavab verən hadisə kimi dəyərləndirir, rəsmi İrəvana siyasi təsirlərini gücləndirməyə çalışırlar. Qərbdə yanlış olaraq belə hesab edirlər ki, Ermənistanı dəstəkləməklə, bu dövləti yaxın zamanda forpost statusundan xilas edə biləcəklər.

Ermənistan siyasi hakimiyyətinin yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri könüllü şəkildə qəbul etməyə zəruri siyasi iradəsinin yoxluğunu da açıq qeyd etmək lazımdır. Məsələ bundadır ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr hüdudlarında, Qarabağla birgə tanıdığını dəfələrlə bəyan etdiyi halda, ATƏT-in Minsk qrupunun mövcudluğu ilə bağlı prinsipial qərar verə bilmir. Ermənistanın de-fakto mövcud olmayan, adı kağız üzərində formal şəkildə qalan ATƏT-in bu və digər təsisatlarının ləğvinə razılıq verməməsi bu ölkənin sülh danışıqlarındakı səmimiliyinə əsaslı suallar doğurur.

Azərbaycanın bununla bağlı tələblərinin kifayət qədər haqlı olduğu 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun üç uğursuz həmsədrindən biri olmuş Rusiya tərəfindən də etiraf edilir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu günlərdə media üçün açıqlamasında bildirib ki, “Qarabağ nizamlanması üzrə yaradılmış ATƏT-in Minsk qrupunun bütün strukturları ləğv edilməlidir. “ATƏT-in Minsk qrupunun mandatı aktuallığını itirib. Deməli, bütün müvafiq strukturlar – Minsk Qrupunun özü, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir. Hesab edirik ki, bununla bağlı müvafiq qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təklifidir” – deyən Rusiya XİN sözçüsü əlavə edib ki, Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri öz təşəbbüsləri ilə 2022-ci ilin fevralından rusiyalı həmsədrlərlə əlaqəni dayandırıblar.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə 28 il müddətində aparılan gərgin danışıqlar prosesi problemi bir neçə dəfə real həll müstəvisinə yönəltsə də, Ermənistan rəhbərliyinin destruktiv mövqeyi üzündən sülhə gəlmək mümkün olmayıb. 44 günlük Vətən müharibəsinin əsas səbəblərindən biri də Minsk qrupu həmsədri olan ölkələrin nun 28 il müddətində münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməməsi, təcavüzkara təsir göstərməməsi olub. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi və digər beynəlxalq təşkilatların qərarları münaqişənin dinc yolla tənzimlənməsi üçün hüquqi-siyasi əsaslar formalaşdırsa da, ATƏT-in Minsk qrupu bu mexanizmlərdən Ermənistana qarşı səmərəli istifadə etməyib.

Həmsədr dövlətlərin müəyyən vəziyyətlərdə tutduğu mövqe onların ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərəflik statusuna tamamilə zidd olmaqla Ermənistanın anneksiya siyasətinə dolayı dəstək verib. Son nəticədə münaqişə hansısa beynəlxalq təşkilatın, yaxud ATƏT-in Minsk qrupu həmsədrlərinin diplomatik səyləri ilə deyil, məhz Azərbaycan Ordusunun döyüş əzmi və uğurlu hərbi əməliyyatları nəticəsində həllini tapıb və ərazi bütövlüyümüz bərpa edilib.

Qarabağ separatçı rejiminin mövcudluğuna son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına rəğmən, Fransa və ABŞ hələ də ənənəvi mövqeyindən əl çəkmir, Ermənistanın havadarı kimi çıxış edir, ölkəmizə qarşı qərəzli iddialar səsləndirirlər. Bu ölkələrin siyasi boyunduruğuna çevrilən Ermənistanın isə ATƏT-lə bağlı fəaliyyətsiz qurumların ləğvinə dair hansısa qərar qəbul edə bilmir.

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl “Rossiya Seqodnya”ya müsahibəsində ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan bu qurumun ləğvinin mümkünlüyü bildirib. Lakin onu da iddia edib ki, “Əgər sülh bitmiş nəticəyə çevrilərsə, o zaman bu formatın mövcudluğu suallar yarada bilər”. Başqa sözlə, Ermənistanın baş naziri ATƏT-in Qarabağla bağlı yaradılmış təsisatlarının ləğvini sülh sazişinin imzalanmasına qədər vacib və mümkün hesab etmir. Daha doğrusu, rəsmi İrəvan bu addımı ilə Fransa və ABŞ-ın siyasi təsiri altında olduğunu göstərməklə, onları qıcıqlandırmağa çalışır.

İrəvandan fərqli olaraq, rəsmi Bakı danışıqların hansısa qlobal güc mərkəzinin inhisarına alınmasına, sülhyaratma prosesində üstün tərəf kimi çıxış etməsinə maraqlı deyil və bunu yolverilməz hesab edir. Azərbaycan son bir ildə sübuta yetirib ki, hansısa ölkənin, yaxud təşkilatın iştirakı olmadan, birbaşa danışıqlar aparmaq, uğurlu nəticələr əldə etmək mümkündür. Ermənistan sülhü və sabitliyi hansısa Qərb ölkəsində, habelə digər üçüncü ölkədə deyil, məhz regionda axtarmalı, Azərbaycanla birbaşa danışıqlarda səmimi olmalıdır.

MTM Analitik Qrup