ERMƏNİSTAN CƏNUBİ QAFQAZ VƏ REGİONA QONŞU ÖLKƏLƏR ÜÇÜN DAHA BÖYÜK TƏHDİD MƏNBƏYİNƏ ÇEVRİLİR

Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirməsi bu ölkənin müəyyən xarici qüvvələrin əlində yenə regionda vəziyyəti destabilləşdirmək üçün bir vasitə olaraq istifadə olunması cəhdlərinin artması ilə müşayiət edilir. Bununla yanaşı, Ermənistan daxilində cərəyan edən proseslərin təhlili də sözügedən ölkədə Azərbaycanla sülhün yalnız sözdə olduğunu, əməldə isə tamam fərqli  mənzərənin mövcudluğunu göstərir. Bu situasiya təkcə Azərbaycan və Ermənistan arasında yox, ümumən bütün Cənubi Qafqazda təhlükəli vəziyyət formalaşdırır, regionun yeni münaqişələrə doğru sürüklənməsinə əlverişli zəmin yaradır.

Hazırda Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi hadisələrin təhlükəli məcrada inkişafının qarşısını almağa səy göstəririr, konkret təkliflər və təşəbbüslərlə çıxış edir. Amma Ermənistanın buna adekvat reaksiya sərgiləməməsi istənilən nəticənin əldə olunmasına ciddi əngəllər yaradır. Daha bir problem də ondan ibarətdir ki, konkret xarici qüvvələr indi Ermənistanın əvəzinə qərarlar qəbul edirlər, bu ölkənin bəzən rəsmi İrəvanın iradəsi xaricində fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Həmin qüvvələr üçün isə sülh və əməkdaşlıq mühitinin hökm sürdüyü Qafqazın olması maraqlı deyil. Elə bu kontekstdə Ermənistan vasitəsilə regionda qeyri-sabit vəziyyətin formalaşdırılması məqsədilə dəqiq strategiya və fəaliyyət həyata keçirirlər.

Ermənistanın silahlandırılmasının intensivləşməsi də qeyd olunan məqsədlərdən irəli gəlir. Hazırda bu prosesdə yenə Fransanın, Yunanıstanın, Hindistanın, ABŞ-ın daha fəal iştirak etdiyi müşahidə edilir. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başlamasından sonra rəsmi Vaşinqtonun Ermənistana münasibətdə tamam fərqli siyasətə start verəcəyi gözlənilir. Artıq, İrəvanda, eləcə də ABŞ daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporu və lobbi qüvvələri arasında belə bir fikir hakimdir ki, Donald Tramp administrasiyası üçün Ermənistan hansısa əhəmiyyət kəsb etməyəcək. O səbəbdən ABŞ tərəfindən Ermənistanın silahlandırılması prosesi də dayandırılacaq. Lakin Avropada mövcud olan müəyyən qüvvələr üçün Ermənistanın bir vasitə olaraq Cənubi Qafqazda konkret məqsədlərdə istifadə edilməsi hallarının daha da genişlənəcəyi istiqamətində cəhdlərin artması gözlənilir. Fransanın, Yunanıstanın Ermənistanı dayanmadan, intensiv şəkildə silahlandırması, Avropa hərbi təmsilçilərinin bu ölkə ərazisində yerləşdirilməsi də bundan irəli gəlir.

Şübhəsiz ki, Ermənistandan Qərbdəki müəyyən qüvvələrin bir vasitə kimi istifadə etməsi, bu ölkə ilə bağlı addımları təkcə Azərbaycan üçün təhdid deyil. Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstan, eləcə də regiona qonşu Türkiyə, Rusiya, İran  üçün də burada müəyyən təhlükələr formalaşır. Bəllidir ki, son aylarda Gürcüstanın Qərblə münasibətlərində gərginliklər yaşanır. Buna səbəb rəsmi Tiflisin müstəqil siyasət yürütməsi, öz milli maraqlarını Qərbin istəklərinə güzəştə getməməsidir. Belə vəziyyət Qərbdə böyük narazılığa səbəb olub, Gürcüstana qarşı təzyiq və təhdidlərin işə düşməsinə gətirib çıxarıb. Gürcüstan əleyhinə fəaliyyət göstərən Qərb mərkəzlərinin bu ölkə ilə bağlı məkrli planlarını reallaşdırmaq üçün Ermənistanın xidmətlərindən yararlanacaqları da şübhəsizdir. Məsələn, Gürcüstanda sabitliyə təhdid yaradacaq şəxslərin Ermənistanda təlimatlandırılması, onlara ödənişlərin və digər hansısa ləvazimatların burada çatdırılması tamamilə gözlənilən haldır. Nəzərə alınmalıdır ki, Ermənistan hazırda Qərb təşkilatlarının, agentlərinin rahat, sərbəst fəaliyyət göstərə bildiyi məkandır.

Daha bir vacib nüans da ondan ibarətdir ki, Qərb Ermənistan vasitəsilə Rusiyanın Cənubi Qafqazda mövqelərini sarsıtmağa xeyli müddətdir can atır. Artıq verilən təlimatlar əsasında Ermənistan Rusiya ilə münasibətlərini sürətlə pisləşdirməyə davam edir. İqtisadi sferanı çıxmaq şərti ilə bütün digər istiqamətlərdə iki ölkə arasında əlaqələrdə çoxsaylı geriləmələr, bəzən də gərginliklər qeydə alınır. Ermənistan Rusiyanın liderlik etdiyi təşkilatların işində, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında, təlimlərində iştirakdan imtina edir. Bundan əlavə Rusiya sərhədçilərini ərazilərinin bir hissəsindən çıxaran Ermənistan üçün prioritet rus ordusunun bu ölkədəki bütün birləşmələri ilə xudahafizləşməkdir. Hadisələrin bu səpkidə inkişafında Qərbin təlimatları, istəyi həlledici rol oynayır.

Qərbdə bəlli dairələr üçün əsas məqsədlərdən biri Ermənistan vasitəsilə Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhənin açılmasına nail olmaqdır. Bu hal Ukraynada rus qoşunlarının daha çox əraziyə nəzarəti ələ keçirməyə başlaması fonunda Qərb üçün daha vacibdir. Çünki hadisələrin indiki gedişi Qərbin Ukrayna siyasətinin iflasa uğramaqda olduğunu göstərir. Bu səbəbdən Ermənistanın daha sürətlə Rusiya əleyhinə yönləndirilməsi Qərbin daha çox maraq dairəsində yer almaqdadır və hazırda qeyd edilən istiqamətdə işlər daha da sürətləndirilib. İran və Türkiyəyə gəlincə, Ermənistan bu ölkələrə qarşı platsdarm kimi istifadə üçün Qərbin maraq dairəsindədir. Təsadüfi deyil ki, hazırda Qərb tərəfindən İranla bağlı məlumatların toplanmasında Ermənistan ərazisindən və imkanlarından geniş şəkildə istifadə edilməsinə dair çoxsaylı məlumatlar mövcuddur.

Azərbaycan əleyhinə bir vasitə kimi Ermənistan 1990-cı illərdən başlayaraq xarici qüvvələr tərəfindən aktiv şəkildə istifadə olunur. Lakin İkinci Qarabağ müharibəsinin və ötən ilin sentyabr ayında baş tutan birgünlük antiterror tədbirlərinin nəticələri təkcə Ermənistana yox, həmin qüvvələrə də böyük zərbə oldu. Amma görünən odur ki, Ermənistan bunlardan hələ də lazımi nəticə çıxara bilmir və bundan da Qərbdə müəyyən qüvvələr öz məqsədləri üçün yararlanırlar. Elə bu fonda da Ermənistan Azərbaycanla sülh  müqaviləsinin imzalanmasını ləngidir, aktiv şəkildə silahlanır, revanşizm ritorikasını artırır. Halbuki, Azərbaycanla yeni hərbi toqquşma Ermənistan üçün daha böyük fəlakətlər və daha ağır nəticələr vəd edir. Bunu hələ də dərk etməkdə acizlik çəkən Ermənistan regionda başqa qüvvələrin diktəsi və yardımı ilə özünü  təhdid mənbəyinə çevirir. Təhdidin artacağı halda bundan təsirlənən ölkələrin müvafiq reaksiyası ilə Ermənistan adlı dövlətin tarixin arxivinə qovuşması ehtimalı da olduqca yüksəkdir.

MTM Analitik Qrup