ERMƏNİSTAN BEYNƏLXALQ HUMANİTAR HÜQUQU POZMAQDA DAVAM EDİR

Avqustun 5-də Kəlbəcər rayonu ərazisində qeydə alınan növbəti mina partlayışı nəticəsində Ordumuzun beş hərbi qulluqçusunun xəsarət alması azad edilmiş ərazilərdə mina təhlükəsinin nə qədər ciddi olduğunu təsdiqləyib. Bu ərazilərdə basdırılmış minalar və partlamamış hərbi sursat (PHS) təkcə müharibənin arzuolunmaz izləri deyil, həm də insanların bölgəyə qayıdışı, təhlükəsizliyi üçün ciddi təhdiddir. Mina problemi ötən beş ildə bölgənin sürətli bərpasına və “Böyük Qayıdış” prosesinin sürətlə reallaşdırılmasına ciddi əngəl yaradıb.

Vətən Müharibəsindən sonra ərazimizin minalar və PHS-dən təmizlənməsi bu proses milli təhlükəsizlik strategiyasının vacib elementi kimi müəyyən edilib. Bu da təsadüfi deyil – 13 faizlik göstərici ilə Azərbaycan beynəlxalq müstəvidə mina ilə ən çox çirklənmiş ölkələrdən biri kimi tanınır. Müxtəlif beynəlxalq təşkilatların hesabatlarına əsasən, ölkəmiz hər kvadrat kilometrə düşən mina sayına görə ümümdünya orta göstəricilərini üstələyir və bu da Ermənistanın işğalçı siyasətinin miqyası barədə dolğun təsəvvür yaradır.

2020-ci ilin noyabrından bəri 400-ə qədər mülki vətəndaş və hərbçi mina partlayışı nəticəsində həyatını itirib və ya da ağır xəsarətlər alıb. Narahatedici məqamlardan biri də odur ki, Ermənistan tərəfi ərazilərimizi tərk edərkən beynəlxalq hüquqla qadağan olunmuş və xüsusilə təhlükəli hesab edilən “sürpriz mina”lar və kasetli bombalardan istifadə edib. Minalar təkcə cəbhə xəttinə yaxın ərazilərdə deyil, yaşayış məntəqələrində, yolların kənarında və hətta kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqlarda yerləşdirilib.

Ermənistanın silahlı qüvvələrinin bu davranışı beynəlxalq humanitar hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu ölkə nəinki 1949-cu il Cenevrə tarixli konvensiyalarına, həmçinin 1980-ci il tarixli adi silahların istifadəsinə dair məhdudiyyətlər barədə Konvensiyaya, 1999-cu ildə qəbul olunmuş piyadalara qarşı minaların istifadəsini qadağan edən BMT sənədinə də məhəl qoymayıb. Bu sənədlər münaqişələr zamanı mülki əhalinin qorunmasını və müharibənin müəyyən qaydalar çərçivəsində aparılmasını nəzərdə tutur. Ermənistan isə əksinə, müharibə cinayətləri törətmiş, bu əməllərini isə uzun illər boyu gizlətməyə çalışmışdır.

BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2365 saylı qətnamə üzv dövlətlərin üzərinə mina təhlükəsi ilə mübarizə sahəsində konkret öhdəliklər qoyur. Bu öhdəliklərdən ən vacibi minalanmış ərazilərin dəqiq xəritələrinin təqdim edilməsidir. Ermənistan bu günədək həmin xəritələri ya ümumiyyətlə təqdim etməyib, ya da təqdim olunan məlumatlar natamam və məqsədli şəkildə yanlış olub. Bu isə bölgədə mina təhlükəsini dərinləşdirir, postmüharibə dövründə etimad mühitinin formalaşmasına əngəl yaradır. Minalar təkcə bərpa və yenidənqurma işlərini əngəlləmir, eyni zamanda, ətraf mühitə ciddi ziyan vurur, kənd təsərrüfatı və infrastruktur layihələrinin gerçəkləşməsini çətinləşdirir.

Azərbaycanın diplomatik səyləri nəticəsində Ermənistan ötən illərdə bəzi ərazilər üzrə mina xəritələrini ölkəmizə təqdim etməyə məcbur olub. Bu yalnız ciddi beynəlxalq təzyiqlər və rəsmi Bakının ardıcıl fəaliyyəti sayəsində baş verib. Mina xəritələrinin tam təqdim edilməməsi sübut edir ki, Ermənistan minalardan təkcə hərbi məqsədlə deyil, siyasi və humanitar təzyiq aləti kimi istifadə edir, ərazilərimizin bərpası prosesini yubatmağa çalışır.

Rəsmi Bakı beynəlxalq tribunalarda bu mövzunu daim gündəmdə saxlayır. Xarici İşlər Nazirliyi Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı BMT-yə müraciətləri təşkilatın rəsmi sənədləri kimi yayılıb. Eyni zamanda, məsələ ilə bağlı gələcəkdə Beynəlxalq Ədalət Məhkəməsində hüquqi prosedurların başlanılması da istisna olunmur.

Rəsmi Bakı mina problemi ilə bağlı beynəlxalq tərəfdaşları və təşkilatları məlumatlandırmaq istiqamətində mühüm tədbirlər həyata keçirir. Bakıda keçirilən beynəlxalq tədbirlər, konfranslar dünya ictimaiyyətini bu istiqamətdə səfərbər etmək, beynəlxalq təşkilatlardan dəstək almaq baxımından əhəmiyyətlidir. Rəsmi Bakı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə minatəmizləmənin də daxil edilməsi təşəbbüsünü irəli sürüb. Hazırda humanitar minatəmizləmənin 18-ci məqsəd kimi BMT sənədlərinə salınması istiqamətində fəal iş aparılır. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində minalardan zərər görmüş ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Bu təklif beynəlxalq miqyasda mina problemindən əziyyət çəkən ölkələr arasında həmrəylik yaratmaq baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

Azərbaycan minatəmizləmə prosesinə yalnız texniki problem kimi yox, humanitar, sosial və strateji məsələ kimi yanaşır. Ərazilərin minalardan təmizlənməsi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etmək üçün ilkin şərtdir. Ölkəmiz bu istiqamətdə həm yerli resursları, həm də beynəlxalq tərəfdaşların dəstəyini səfərbər edərək azad edilmiş rayonlarda sürətli yenidənqurma işləri aparır. Şuşa və Ağdam şəhərlərinin artıq minalardan tam təmizlənməsi bu sahədə əldə olunan uğurların bariz nümunəsidir.

Bütün bu faktlar təsdiq edir ki, Ermənistanın davam edən mina terroru sülh quruculuğuna mane olan destruktiv siyasi kursun davamıdır. Minalar insan həyatını hədəfə alan səssiz silahlardır və onların bölgədə geniş şəkildə mövcudluğu Azərbaycana qarşı yönəlmiş uzunmüddətli məkrli planların göstəricisidir. Rəsmi İrəvanın minalarla bağlı beynəlxalq sənədlərə hörmətsizliyi, minaların sıxlıq dərəcəsi və basdırılma yerləri ilə bağlı məlumatları gizlətməsi bu ölkənin hələ də regionda sabitliyə maraqlı olmadığını nümayiş etdirir.

Azərbaycan güclü iqtisadi potensialı və siyasi iradəsi ilə həm ərazilərini təmizləyir, həm də beynəlxalq hüququn aliliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Ölkəmiz həm mina təhlükəsi ilə mübarizədə, həm də bölgədə ədalətli sülhün təmin olunmasında nümunəvi mövqe sərgiləyir.

MTM Analitik Qrup