ERMƏNİSTAN AZƏRBAYCANLI İTKİNLƏRƏ MÜNASİBƏTDƏ CENEVRƏ KONVENSİYALARINI POZUR

Rəsmi Bakının itkinlər mövzusunu son illərdə xüsusi diqqət mərkəzində saxlaması, aidiyyəti dövlət qurumlarının bu mövzuda keçirdikləri ardıcıl tədbirlər Ermənistana beynəlxalq təzyiqlərin gücləndirilməsi yolu ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirmək, kütləvi məzarlıqların yerini müəyyənləşdirmək məqsinə xidmət edir. Azərbaycan bununla həm də itkinlər məsələsinin qlobal humanitar problem olduğuna diqqət çəkir, dünya ictimaiyyətini bu istiqamətdə səyləri artırmağa dəvət edir.

Ölkəmizin silahlı münaqişələr zamanı itkindüşmə hallarının qarşısının alınması, itkin ailələrinin iztirablarının azaldılması məqsədilə bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etməsi də xüsusi qeyd olunmalıdır. 2002-ci ildən başlayaraq Azərbaycanın təşəbbüsü əsasında BMT Baş Assambleyasında hər iki ildən “İtkin düşmüş şəxslər”lə bağlı qətnamələrin qəbulu buna əyani sübutdur. Bu qətnamələr silahlı münaqişə tərəfləri olan dövlətləri itkin düşmüş şəxslərlə bağlı halları səmərəli şəkildə həll etmək üçün əməkdaşlığa, o cümlədən məlumat mübadiləsinə, yerinin və şəxsiyyətinin müəyyənləşdirilməsinə, habelə insan qalıqlarının tapılmasına, müəyyən edilməsinə və qaytarılmasına, kütləvi məzarlıqların müəyyən edilməsinə yardım göstərməyə çağırır.

2021-ci ildə İtkin düşənlər üçün Qlobal Alyansın yaradılması isə itkindüşmə probleminə beynəlxalq diqqətin daha da artırılmasına təkan verib. Bu qrupa BMT-yə üzv 13 ölkə – Azərbaycan, Argentina, Kolumbiya, Xorvatiya, Estoniya, Qambiya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə daxildir. İtkin düşənlər üçün Qlobal Alyans itkin düşmüş şəxslərlə bağlı halların qarşısının alınması və problemin həlli məsələsini diqqətdə saxlamağa çalışır.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Birinci Qarabağ müharibəsində 3977, İkinci Qarabağ müharibəsində 6 nəfər ölkə vətəndaşı itkin düşüb. Təkzibedilməz faktlar göstərir ki, Ermənistan 90-cı illərinin əvvəlindən “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq, əsir və girovlara münasibətdə hər zaman qəddar və anti-humanist mahiyyətini nümayiş etdirib. Həmin Konvensiyalarla silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat əldə etmək hüququ birmənalı şəkildə tanınır.

Azərbaycanın xoşməramlı addımlarına baxmayaraq, Ermənistanın son illərdə itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən boyun qaçırması, bundan müxtəlif bəhanələrlə yayınması haqlı olaraq hiddət və narazılıqlar doğurur. Qarşı tərəfin anti-humanist mövqeyi nəticəsində minlərlə itkin ailəsi 30 ildən artıq müddətdə bu dəhşətli faciənin acısı ilə yaşamağa məcbur edilib, yaxınları barədə məlumat ala bilməyib.

İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın martın 10-da təqdimatı zamanı açıqlanan faktlar Ermənistanın azərbaycanlı hərbi əsir və girovlara qarşı təkcə qəddar və zorakı davranışlarına deyil, digər müharibə cinayətlərinin də üzərinə işıq salır. Hesabatda faktlar və şahid ifadələri əsasında qeyd edilir ki, Birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan əraziləri işğal olunarkən beynəlxalq humanitar hüququn normaları kobud şəkildə pozulub, o cümlədən mülki əhali hədəfə alınıb, zorakı itkin düşmə halları baş verib: “Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum və ya edam olunublar. İnsanlar kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib, qəsdən məhv edilib”.

Münaqişənin əvvəllərində əsir və girovlar ayrı-ayrı hərbi hissələrdə, erməni mülki şəxslərin, xüsusilə səhra komandirlərinin evlərinin və yardımçı binalarının zirzəmilərində, işğal olunmuş ərazilərdəki obyektlərdə qeyri-insani şəraitdə saxlanılıblar. Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra şəhərdəki həbsxanada azərbaycanlı əsir-girovların saxlanılması, ağır fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalmasını təsdiq edən dəlillər aşkarlanıb.

Postmüharibə dövründə Azərbaycana əsir düşmüş erməni hərbçilər arasında Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsir və girovlara ağır işgəncələr vermiş Lüdviq Mkrtçyan da olub. O, istintaq zamanı əsir götürülmüş azərbaycanlılara işgəncələr verildiyini və öldürüldüyü etiraf edib. Bundan əlavə, Ermənistan Parlamentinin deputatı, müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyanın 2021-ci ilin dekabrında Ermənistan mediasına verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını, ermənilərin onları dəfn etdiyini bildirib.

Azərbaycan tərəfi ötən illərdə azərbaycanlı itkinlərlə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması və Ermənistana təzyiqlərin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib. Aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması Ermənistanın müharibə cinayətlərinin böyük miqyasda təsdiqi olub. Azad edilmiş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlığın müəyyən edilməsi, şəxsiyyəti müəyyənləşdirilmədən dəfn olunan 192 nəfərə yaxın insan qalıqlarının ekshumasiyası, 165 nəfərin şəxsiyyətinin dəqiqləşdirilərək ailələrinə təhvil verilməsi də bunun əyani təsdiqidir.

Ermənistan kütləvi şəkildə qətlə yetirilərək işğaldan azad edilmiş ərazilərdə basdırılmış hərbçi və mülki şəxslər barədə məlumatları Azərbaycana verməkdən imtina etməklə, beynəlxalq humanitar hüququ pozur, müharibə cinayətlərini davam etdirir. Qeyd edilənlər iki ölkə arasnda dayanıqlı və daimi sülhün əldə olunmasına da ciddi maneədir.

MTM Analitik Qrup