ERMƏNİSTAN AZƏRBAYCANLA SÜLH ÜÇÜN MÜHÜM ŞƏRTLƏRDƏN BİRİNİ YENƏ POZDU  

Avropa İttifaqı və Ermənistanın geosiyasi kontekstdə işbirliyi, məkrli məqsədləri Cənubi Qafqazda sülhün bərqərar olması yolunda ən böyük əngəllərdən birinə çevrilib. Belə görünür ki, Qərbdə müəyyən dairələr Ermənistan vasitəsilə regionda gərginliyin davam etməsinə, rəsmi İrəvanın Azərbaycanla ziddiyyətli məsələlərin həllinə maneə olmağa çalışırlar.  

Hazırda Azərbaycan və Ermənistan arasında sülh üçün əngəl yaradan dörd əsas məsələ mövcuddur. Bunlar Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmaması, İrəvanın ATƏT-in Minsk qrupunun ləğvi üçün təşkilat rəhbərliyinə birgə müraciəti,  iki ölkənin bir-birinə qarşı beynəlxalq instansiyalarda qaldırılan iddialardan  imtina olunması və başqa ölkələrin nümayəndələrinin Ermənistan tərəfindən Azərbaycanla sərhəddə yerləşdirilməsinə yol  verilməməsi barədə razılığa gəlinməsini ləngitməsidir.  Azərbaycanın göstərilən xüsuslarda şərtləri tamamilə beynəlxalq hüquqa əsaslanır, regionda sülh və əməkdaşlığın təmin olunmasına yönəlib. Amma Ermənistanın siyasi rəhbərliyinin qətiyyətsizliyi, kənar qüvvələrin diqtəsilə fəaliyyəti sülh ümidlərinin üzərindən xətt çəkir, regionda yeni qarşıdurmaya rəvac verir. Bunu Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi mülki monitorinq missiyası ilə bağlı baş verənlər bir daha təsdiq edir.

Sözügedən missiyanın Ermənistanda fəaliyyət müddəti gələn ay başa çatır. Lakin həm Avropa İttifaqı, həm də Ermənistan missiyanın fəaliyyətinin növbəti dəfə uzadılmasına hazırlaşırlar. Bununla da  Ermənistan Azərbaycanla sülh üçün əsas şərtlərdən birindən imtina etmiş olur və Avropa İttifaqı da həmin prosesdə İrəvana bütün zəruri dəstəyi verir. Qeyd  edilməlidir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin ofisi təşkilatın Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasında maraqlı olduqlarını bəyan edib. Bununla bağlı nümayəndiliyin ofisi bildirib: “Üzv ölkələr təklifi alqışlayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktlar müzakirə edilir. Şuranın yaxın günlərdə bununla bağlı qərar qəbul edəcəyi gözlənilir”.

Azərbaycanın sözügedən məsələyə münasibəti birmənalıdır, ölkəmiz baş verənləri təhlükəsizliyinə və regionda sülhün bərqərar olmasına təhdid hesab edir. Xüsusən də o kontekstdə ki, missiya məhz Azərbaycanla şərti sərhəddə fəaliyyət göstərir, onun fəaliyyəti ölkəmizlə razılaşdırılmır.  Yerli telekanallara müsahibəsində bu fonda Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı sarsıdır: “Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarı hərbi geyim və çəkmələr geyinir, oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər”.

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün Avropa İttifaqı missiyasının iki ölkənin sərhədində yerləşdirilməsinə hər hansı ehtiyac yoxdur. Rəsmi Bakı hesab edir ki, həmin missiyanın fəaliyyətinə xitam verilməlidir. Amma qeyd edildiyi kimi Avropa İttifaqı həmin missiyanın fəaliyyətinin yenidən uzadılmasına hazırlaşır. Ermənistan da prosesdə maraqlı tərəf qismində çıxış edir. Bunu Ermənistan rəsmilərinin açıqlamaları da təsdiq edir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan  bildirib ki, Avropa İttifaqı missiyasına ölkəsinin ehtiyacı var: “Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyası indiki vəziyyətdə mühüm amildir. Nə qədər ki Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, Azərbaycanla sərhədləri müəyyənləşdirilməmiş ərazilərimiz var, bizim Avropa İttifaqının missiyasına ehtiyacımız olacağından əminik”.

Beləliklə, Ermənistan Azərbaycanla sülh üçün məqsədyönlü şəkildə əsas şərtlərdən birini pozur, başqa ölkələrin nümayəndələrini Azərbaycanla şərti sərhəd zonasında yerləşdirilməsi siyasətini davam etdirir. Bu da iki ölkə arasında sülh üçün böyük maneədir və aradan qaldırılmayana qədər barışı mümkünsüz edir. Bütün bu baş verənlərə görə məsuliyyət Ermənistanın və Avropa İttifaqının üzərinə düşür. Məhz onların fəaliyyəti sülh əleyhinə yönəlib, hətta yeni toqquşmalar üçün münbit zəmin yaradır.

O da nəzərə alınmalıdır ki, barəsində bəhs olunan  missiya Azərbaycan, həmçinin Rusiya və İran barədə kəşfiyyat məlumatları toplayıb Ermənistanla razılaşdırılmadan müvafiq maraqlı dairələrə ötürür. Belə hallar sözügedən missiyanın pozucu işinin təzahürüdür və onun fəaliyyətinə son qoyulmasının zəruriliyini göstərən daha bir önəmli faktordur. Belə vəziyyət əslində, Ermənistanın özü üçün ciddi təhdiddir, bu ölkədə yeni “Ukrayna ssenarasi”nin reallaşdırılması ehtimalını artırır. Ermənistanda çoxları etiraf edir ki, Azərbaycandan onlara, dövlətlərinə heç bir təhdid yoxdur. Belə vəziyyətdə pozucu fəaliyyətlə məşğul olan, regionda əlavə gərginliyin yaradılmasına  xidmət edən Avropa İttifaqının missiyasının fəaliyyətinə heç bir lüzum qalmır. Amma Ermənistan bu reallığı qəbul etməməklə ilk növbədə özünü böyük problemlər məngənəsinə yuvarlayır, regionda sülh və əməkdaşlıq şəraitində yaşamaq imkanlarını itirir.

MTM Analitik Qrup