
Azərbaycanla sülh və əməkdaşlıq prosesinin Ermənistan üçün nə dərəcədə müstəsna önəm kəsb etməsini sözügedən ölkədə artıq praktiki müstəvidə də görməyə başlayıblar. Ölkəmiz sayəsində Ermənistana indiki mərhələdə taxıl idxalının qısa müddətə və daha ucuz qiymətə çatdırılması qeyd edilənlərin konkret nümunəsidir. Xatırlatmaq lazım gəlir ki, Prezident İlham Əliyev cari ilin oktyabr ayında Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Azərbaycan təkcə Qazaxıstandan yox, Rusiyadan da Ermənistana yüklərin daşınması ilə bağlı tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldırıb. Elə bu günlərdə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk da bildirmişdi ki, rəsmi Bakı Rusiya məhsullarının Azərbaycan ərazisi ilə Ermənistana tranziti üçün öz dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Buna uyğun olaraq, Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kiloqram olan buğda yüklü 15 vaqon rəsmiləşdirilərək Ermənistana yola salınıb.
Azərbaycan üzərindən yüklərin idxalı Ermənistan üçün vaxt və maliyyə baxımından olduqca sərfəlidir. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da təsdiq edib. Onun sözlərinə görə, Ermənistanın həm Qazaxıstandan, həm də Rusiyadan yalnız dəmir yolu ilə buğda idxal etməyə başlaması ölkəsi üçün mühüm əhəmiyyətə malikdir: “Ümid edirəm ki, bundan sonra Ermənistan buğdanı yalnız dəmir yolu ilə idxal edəcək. Həm Qazaxıstandan, həm də Rusiyadan idxal iqtisadi cəhətdən çox məqsədəuyğundur, çünki bu halda buğdanın dəyəri əhəmiyyətli dərəcədə azalır”. Ermənistan Baş naziri Nikol Paşinyan “Orbeli: sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq forumda çıxışı zamanı qeyd edib ki, Azərbaycan vasitəsilə tranzit ölkəsinin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində yeni mərhələ açır, ümumən Avrasiya İqtisadi İttifaqı daxilində əlaqələrə müsbət istiqamətdə ciddi təsir edir. O, Qazaxıstandan Azərbaycan vasitəsilə idxalı buna konkret misal kimi göstərib: “Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı ölkələri üçün yeni perspektivlər yaradır. Bir çoxları iddia edir ki, bu proseslər Avrasiya İqtisadi İttifaqının maraqlarına ziddir. Amma fakt odur ki, bu razılaşmalardan əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şeylər Vaşinqton razılaşmalarından sonra mümkün oldu. Bu, razılaşmaların verdiyi üstünlüklərin əyani nümunəsidir. Oxşar imkanlar Özbəkistan üçün də yarana bilər”. Paşinyan qeyd edib ki, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır, lakin bu yolda logistik çətinliklər qalmaqdadır: “Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir. Bu, Ermənistan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə aparan yoldur, bu, bir faktdır”.
Beləliklə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasının bəhrəsini görməyə başlayıb. Paraflanmış sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması halında isə Ermənistan ölkəmizlə münasibətlərdən daha böyük dividendlər əldə edəcək. Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıının aradan qaldılması, Zəngəzur dəhlizinin açılmasının tezləşdirilməsi zəruri şərtdir. Hadisələrin bu səpkidə inkişafı halında Azərbaycan Ermənistanın enerji və digər istiqamətlərdə təhlükəsizliyini təmin edə, bu ölkənin regional layihələrdə iştirakına “yaşıl işıq” yandıra bilər.
İndi qarşı tərəf qəbul edir ki, Ermənistanın iqtisadi və siyasi təcridi birbaşa onun işğalçılıq siyasətinin nəticəsi olub. Qeyd olunmalıdır ki, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə təkcə ölkəmizə qarşı aqressiya törətmədi, həm də özünü regiondakı iqtisadi layihələrdən kənarda qoydu. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz boru xətti və Bakı-Tiflis-Qars dəmir yolu kimi strateji infrastruktur layihələrinin hamısı Ermənistanı yan keçdi. Təbii olaraq belə hal ölkənin iqtisadi inkişafını ciddi şəkildə məhdudlaşdırdı. Ermənistanın tranzit imkanlarının olmaması, regional ticarətdən təcrid olunması və xarici investisiyaların cəlb edilməsində çətinliklər ölkəni uzun illər ərzində asılı və zəif iqtisadiyyata çevirdi. Ancaq Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə regionda yeni siyasi, iqtisadi mühit formalaşdırdı. Sülh müqaviləsinin imzalanması və kommunikasiya xətlərinin bərpası ilə bağlı proseslər Ermənistan üçün tarixi fürsət yaradır. Xüsusən də Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirmək məqsədi daşımır. Bu dəhliz eyni zamanda Ermənistanın da regional nəqliyyat sisteminə inteqrasiyası üçün nadir bir imkandır.
Zəngəzur dəhlizi vasitəsilə Ermənistan Türkiyə və Azərbaycan üzərindən həm Avropa, həm də Asiya bazarlarına çıxış əldə edə bilər. Bu, ölkə iqtisadiyyatına böyük həcmdə investisiya cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və tranzit gəlirlərinin artmasına səbəb olacaq. Hər halda bunu Ermənistanda da yaxşı başa düşürlər. Nikol Paşinyan bildirib ki, artıq İrəvan və Vaşinqton Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır: “Niyə məhz ABŞ? Çünki bu ölkə “Tramp marşrutu” layihəsinin ayrılmaz hissəsidir”. Paşinyan əlavə edib ki, Rusiya regional kommunikasiyaların açılmasından sonra Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı ilə məşğul ola biləcək. Elə bu kontekstdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verib: “Yolun uzunluğu 44 kilometr təşkil edir. Rusiyanın dəmir yolu sahəsindəki mütəxəssisləri yolu piyada ötüblər. Yolu təqribən iki ilə bərpa etmək mümkündür. Çünki tunellər dağılmayıb, dəmir yolu kompleksi tələb olunur. Yolun kim tərəfindən və necə bərpa ediləcəyi əsas məsələ deyil. Bu yol Azərbaycanla Ermənistan arasında münasibətləri möhkəmləndirməklə yanaşı, regionda iqtisadi əlaqələrin inkişafına da şərait yaradacaq. Əsas məsələ yolun mümkün qədər tez bərpa olunmasıdır”. Belə bir şəraitdə Ermənistan Zəngəzur dəhlizinin aşılması ilə bağlı prosesi tezləşdirməklə özü üçün yeni inkişaf perspektivlərini sürətləndirə bilər.
Beləliklə, Ermənistanın təcriddən çıxması üçün ən real, praktik və davamlı yol Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Bu münasibətlər bərpa olunduqca, regionda iqtisadi inteqrasiya dərinləşəcək, Cənubi Qafqaz sabitlik və inkişaf məkanına çevriləcək. Azərbaycanın təşəbbüskarlığı və strateji baxışları isə bu prosesin uğurla gerçəkləşməsində əsas hərəkətverici qüvvədir.
MTM Analitik Qrup
