ERMƏNİSTAN AZƏRBAYCAN, RUSİYA VƏ İRANA QARŞI QƏRBİN ƏSAS KƏŞFİYYAT PLATSDARMINA ÇEVRİLİR

Ermənistanın yaxın tezlikdə böyük güclərin növbəti açıq toqquşma məkanına çevriləcəyi barədə verilən proqnozlar tədricən özünü doğruldur. Hazırda bu kontekstdə müşahidə edilən odur ki, kənar qüvvələr Ermənistanda öz mövqelərini dinamik şəkildə möhkəmləndirirlər, təsir güclərini artırırlar. Bu hal hərbi sahədən tutmuş siyasi, diplomatik, iqtisadi sferalara qədər olan müstəvilərdə özünü getdikcə daha qabarıq şəkildə büruzə verir.

Məsələnin daha bir maraqlı tərəfi də odur ki, Ermənistan cəmiyyətində, siyasi qüvvələri arasında da hansı qüvvələrlə əməkdaşlıq məsələsinə görə dərin parçalanma hökm sürür. Bir tərəf Rusiya ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bəyan etdiyi halda, digər tərəf birmənalı şəkildə Qərbə üstünlük verir. Elə bu kontekstdə tərəflər arasında ziddiyyətlərin daha da kəskinləşməsi müşahidə olunur. Daha bir mühüm nüans odur ki, bu tərəflərə dəstək verən kənar qüvvələr özləri də ikibaşlı oyun oynayırlar. Belə ki, həmin kənar qüvvələr məqsədlərinə çatmaq üçün Ermənistanda dəstəklədikləri tərəfləri hər an qurban verməyə hazırdırlar. Sözügedən xüsusda Ermənistanın “Hraparak” qəzeti konkret nümunəyə nəzər salaraq yazır ki, Qərbə yaxın olan Nikol Paşinyan hakimiyyəti elə arxalandığı bu düşərgədən zərbə ala bilər. Qeyd edilir ki, Qərb məqsədi üçün hətta  Ermənistanın baş nazirini qurban verməyə də hazırdır. Elə bundan irəli gəlir ki,  Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb. “Hraparak” məsələ ilə bağlı daha sonra yazır: “Qriqoryan siyasi komandadan ayrılıb gündəmə gələndən sonra onunla hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları arasında münasibətlər gərginləşib. Hamı müşahidə edir ki, Qriqoryan Qərbdə qəbul olunur və hətta Paşinyanın varisi qismində görülür”. Nəşr bildirir ki, Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, Rusiyaya qarşı aydın siyasət yeritməsə, onda ABŞ və Avropadan olan dəstəyini itirəcək. Qərbin proqramlarının icrası  Qriqoryana  həvalə olunacaq. “Hraparak” bildirir ki, partiyadaxili müzakirələr zamanı Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi o, Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb.

Rusiyaya bağlı qüvvələrə, əsasən də müxaliflərə gəlincə, onlar da hər an qurban veriləcəklərini istisna etmirlər. Xüsusən də sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvələr Paşinyan hakimiyyəti ilə mübarizədə Moskvadan istədikləri dəstəyi almamaq barədə indi daha tez-tez giley-güzar edirlər. Bununla yanaşı, belə bir məqama da diqqət çəkilir ki, Rusiya Paşinyan hakimiyyəti ilə tam anlaşa bilsə, onda Moskvanın dəstək verdiyi qüvvələr tamamilə arxa plana atılacaqlar, onlara qarşı bütün addımlara da Kreml göz yumacaq. Amma o da faktdır ki, qeyd olunanlara baxmayaraq, Ermənistan siyasi qüvvələri özləri də əsas ümidlərini məhz ölkə xaricindəki qüvvələrlə əməkdaşlığa bağlayıblar. Bütün bunlar həm də kənar qüvvələrin Ermənistana təsir imkanlarını artırır. Belə hal da öz növbəsində həmin qüvvələrin  Ermənistanda maraq toqquşmasının kəskinləşməsinə və açıq qarşıdurma mərhələsinə keçməsinə zəmin formalaşdırır. Bunu Rusiya müdafiə naziri Andrey Belousovun Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında səsləndirdiyi fikirlər fonunda bir daha görmək olar.

Andrey Belousov bildirir ki, Cənubi Qafqazda qeyri-regional ölkələrin aktivliyinin artması müşahidə olunur və Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsi ətrafında gərginlik qalmaqdadır: “Cənubi Qafqazdakı qeyri-regional ölkələrin məqsədi təhlükəsizliyi gücləndirmək deyil, öz təsirlərini genişləndirməkdir

O, həmçinin qeyd edib ki, Ukrayna böhranı NATO ölkələri tərəfindən Şərqi Avropa və Baltikyanı ölkələrdə də mövcudluğunu artırmaq üçün istifadə olunur. KTMT ölkələrinə qarşı mövcud çağırışlarla əlaqədar olaraq, Belousovun sözlərinə görə, əməliyyat və döyüş hazırlığının davam etdirilməsi vacibdir.

Qeyd edilməlidir ki, hazırda Qərbi Zəngəzur bölgəsi daha çox Zəngəzur dəhlizi məsələsinə görə beynəlxalq miqyasda diqqət mərkəzindədir. 2020-ci ilin 10 noyabr tarixli birgə bəyanatına əsasən, Zəngəzur dəhlizi açılmalı, ona nəzarət isə Rusiya tərəfindən həyata keçrilməlidir.  Amma Ermənistan bu prosesi uzadır. Əvəzində digər kənar güclərin   Ermənistanın bu ərazisinə nəzarət uğrunda daha operativ fəaliyyətə başladığı müşahidə olunur. Müxtəlif ölkələrin biri-birinin ardınca Qərbi Zəngəzur bölgəsində konsulluq xidməti açması da bunun təzahürüdür. Hazırda analoji addımın Fransa tərəfindən həyata keçirilməsi planlaşdırılır. Bu günlərdə İrəvana səfəri çərçivəsində Fransanın xarici işlər naziri Jan-Noel Barrot qeyd edib ki, Paris Gorusda baş konsulluq açmağı planlaşdırır. Nazir onu da bildirib ki, tezliklə Gorusda “Mərkəzləşdirilməmiş əməkdaşlıq” beşinci konfransı keçiriləcək. Jan-Noel Barrot  bu planları həm də siyasi siqnal adlandırıb. “Hraparak” qəzeti isə yazır ki, Fransanın Qərbi Zəngəzur bölgəsində konsulluq açmaq niyyəti gələn ayın əvvəlində baş tutacaq.

Sirr deyil ki, müxtəlif ölkələrin biri-birinin ardınca Qərbi Zəngəzurda konsulluq açmaları heç də burada vətəndaşlara xidmət göstərmək niyyətindən qaynaqlanmır. Əslində, burada o qədər də sakin yoxdur ki, onlara xidmət üçün konsulluq açmağa da ehtiyac olsun. Deməli, məqsəd başqadır və indiki halda Fransanın buradakı konsulluğunun daha çox hərbi, kəşfiyyat missiyası ilə məşğul olacağı şübhə doğurmur. Bu mənada  Andrey Belousovun xəbərdarlığının daha çox Fransaya, Parisin fəaliyyətinə sözügedən bölgədə zəmin yaradan Ermənistana ünvanlandığı şübhəsizdir. Təbii ki, Qərbin belə fəaliyyəti Rusiya ilə yanaşı, İranı da ciddi narahat etməlidir. Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının fəaliyyətinin həm də Azərbaycana qarşı olması nəzərə alınarsa, konsulluq adı ilə Qərbi Zəngəzurda yerləşdirilənlərin ölkəmizlə bağlı da hərbi, kəşfiyyat və digər xarakterli məlumatlar toplayacağı şəksizdir. 

Baş verənlərə Bakının, Moskvanın və Tehranın reaksiyasız qalacağına inanmaq çətindir. Digər tərəfdən belə vəziyyət Ermənistanda  böyük güclərin açıq toqquşma ehtimalını artırır. Təbii ki, bundan ən çox zərər görən  Ermənistan özü olacaq. Lakin bu ölkənin belə fəaliyyəti ümumən Cənubi Qafqaz regionu üçün də təhdid yaradır. Azərbaycan məhz bunun qarşısını almağa çalışır.

MTM Analitik Qrup