ERMƏNİLƏR ƏRAZİLƏRİMİZDƏ MİNA BASDIRARKƏN STANDARTLARI POZUB

Ermənilər işğal dövründə ərazilərimizdə mina və partlamamış hərbi sursatları basdırarkən standart qaydalarını qoruyub saxlamayıb. Buna baxmayaraq, minatəmizləmə əməliyyatı ciddi şəkildə davam etdirilir.

Bunu FHN-in xüsusi riskli xilas etmə xidmətinin mina əleyhinə xüsusi təyinatlı hərbi hissəsinin bölük komandiri, baş leytenant Səbuhi Sarıyev deyib.

O qeyd edib ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, müharibənin partlamamış hərbi qalıqlarından təmizləmə əməliyyatına müvafiq qurumlarla yanaşı FHN xüsusi riskli xilasetmə xidmətinin mina əleyhinə xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.

“Əməliyyatlar kəndlərdə və qəsəbələrdə, su kanalları boyunca aparılır. Əməkdaşlarımız müasir avadanlıqlarla təchiz olunub. Beynəlxalq tərzdə kurslardan keçiblər. Bildirmək isdəyirəm ki, bizdə ərazidə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. Ərazilərin daha çox çirklənməsini nəzərə alaraq bu itlər mina və partlamamış hərbi sursatların aşkarlanmasında böyük əhəmiyyət kəsb edirlər”, – deyə S.Sarıyev əlavə edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olan Ağdam rayonu ərazisinə media tur təşkil edib.