
Erməni lobbisi və diasporunun uzun illər ərzində beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə həyata keçirdiyi məkrli və manipulyativ informasiya təbliğatı artıq iflasa uğrayıb. Tarixi saxtalaşdırmalara, emosional ritorikaya və birtərəfli yanaşmalara əsaslanan bu “kampaniyalar” artıq beynəlxalq arenada ciddi qəbul edilmir.
Mövcud geosiyasi reallıqlara, beynəlxalq hüquqa əsaslanan Azərbaycanın haqlı mövqeyi hazırda daha çox beynəlxalq təşkilat və dövlət tərəfindən dəstəklənir. Bu kontekstdə İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsinin bir qrup ermənipərəst deputat tərəfindən irəli sürülmüş 24321 saylı “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı qondarma qətnamə layihəsini rədd etməsi erməni diasporunun dezinformasiya siyasətinin iflasa uğradığını bir daha sübut edir.
Həmin məkrli qətnamənin məğzi tamamilə birtərəfli xarakter daşıyır, yalnız Azərbaycana qarşı əsassız tələblər irəli sürür, beynəlxalq hüququn prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi əsas meyarları nəzərə almırdı. İsveçrə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəyi bu ədalətsizliyin aradan qaldırılması baxımdan mühüm əhəmiyyət daşıyır. Komitə rəsmi açıqlamasında qətnamə təşəbbüsünü “birtərəfli və balanssız” adlandırıb, bu cür yanaşmaların sülh quruculuğu baxımından qəbuledilməz olduğunu bildirib. Bu, artıq Qərb siyasi institutlarının da regiondakı proseslərə daha obyektiv və məsuliyyətli yanaşmağa başladığını göstərir.
Digər mühüm məqam odur ki, komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan Karlo Sommaruganın irəli sürdüyü qərəzli qərar layihəsi də gündəlikdən çıxarılıb. Bu “sənəd” “siyasi məhbuslar” və “erməni mədəni irsinin qorunması” kimi saxta tezislərə istinad edirdi və məqsədi ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək idi. Hər iki sənədin rədd edilməsi diplomatik müstəvidə Azərbaycanın prinsipial mövqeyinin, beynəlxalq hüquqa və obyektivliyə əsaslanan yanaşmasının üstün gəldiyini sübut edir.
Ümumiyyətlə, Azərbaycan diplomatiyasının səyləri nəticəsində bu təxribatçı təşəbbüslərin qarşısı vaxtında və səmərəli şəkildə alınır. Məlumatlandırma və diplomatik izahat, beynəlxalq hüquq prinsiplərinə istinad edən faktlar ölkəmizə qarşı informasiya təxribatlarına imkan vermir. Bu kontekstdə Ermənistanın və onun diaspor təşkilatlarının illərlə apardığı saxta təbliğat formaları artıq beynəlxalq platformalarda hansısa legitimlik qazanmır.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar fonunda beynəlxalq ictimaiyyətin hazırda əsas məqsədi Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasıdır. Bu razılaşmalar da beynəlxalq ictimaiyyətin – xüsusən də ABŞ və Avropa İttifaqı kimi mühüm beynəlxalq aktorların Cənubi Qafqazda sabitliyin əldə olunmasına marağını nümayiş etdirir. ABŞ-nin vasitəçiliyi ilə imzalanmış Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, sərhədlərin müəyyənləşdirilməsinə və yekun sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına doğru həlledici addımdır. Son günlərdə birgə razılaşmalara verilən beynəlxalq reaksiyalar sübut edir ki, dünya artıq tərəflərdən regionda sabitliyi poza biləcək bütün ritorika və təşəbbüslərin kənarda qalması şərtilə dayanıqlı sülh istəyir.
İsveçrə parlament komitəsinin qərəzli qətnamə layihələrini gündəlikdən çıxarması yalnız Azərbaycan əleyhinə təşəbbüslərə deyil, ümumilikdə sülh prosesinə zidd bütün addımlara verilmiş prinsipial cavab kimi qiymətləndirilməlidir. Artıq beynəlxalq ictimaiyyət başa düşür ki, Cənubi Qafqazda sülh yalnız iki suveren dövlətin – Azərbaycan və Ermənistanın birbaşa, qarşılıqlı razılaşmasına əsaslanmalıdır. Xarici lobbi və diaspor qruplarının təzyiqlə, manipulyativ qərarlarla bu prosesi pozmaq cəhdləri isə keçmişin qalığıdır və uğursuzdur.
Beləliklə, İsveçrə parlamentində baş verən son hadisə yalnız konkret bir qətnamənin rədd olunması deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinə artan dəstəyin, sülhə verilən əhəmiyyətin təzahürüdür. Ermənipərəst dairələrin yalnız bir tərəfi ittiham edən və digər tərəfin suveren hüquqlarını şübhə altına alan təşəbbüsləri beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir.
Bu, həm də Ermənistanın və onun diasporunun apardığı məkrli təbliğat müharibəsinin artıq nəticə vermədiyini, əvəzində beynəlxalq hüquqa, ədalətə və sülhə əsaslanan yanaşmanın üstünlük qazandığını göstərir. Rəsmi Bakı qətiyyətli və ardıcıl siyasəti ilə həm informasiya məkanında, həm də diplomatik platformalarda öz mövqeyini möhkəmləndirməkdə davam edir.
MTM Analitik Qrup