ERMƏNİ ƏSİLLİ ŞƏXSLƏRİN NÖVBƏTİ DƏFƏ LAÇIN BURAXILIŞ MƏNTƏQƏSİNDƏN SƏRBƏST KEÇİDİ TƏMİN EDİLİB 

Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

Bu gün 30-dək erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə Xankəndidən gələrək, “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.

Bundan başqa, bu gün 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedəcəyi gözlənilir.

Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi gözlənilir.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.