ENERGETİKA NAZİRİ VƏ AVROPA İTTİFAQI KOMİSSİYASININ ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSARININ BİRGƏ BƏYANATI

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatı olub.

Bəyanatda deyilir:

“Bakı, 4 fevral 2022-ci il.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 2022-ci il fevralın 4-də Bakı şəhərində baş tutan səkkizinci iclasında uzunmüddətli enerji təhlükəsizliyi, təchizatın təhlükəsizliyi və yaşıl enerjiyə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib;

Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı ilk istismar ilinin uğurlu nəticəsini, həmçinin onun Azərbaycan Respublikasından Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabətliliyi və sərfəli enerji təchizatının təmin edilməsinə töhfəsini yüksək qiymətləndiririk. Altı ölkəni əhatə edən bu ötürmə sistemi enerji təchizatı və mənbələrin şaxələndirilməsinə, o cümlədən bundan əvvəl təbii qaza çıxışı olmayan regionlara töhfə verir, həmin regionlarda kömürün istismardan çıxarılması prosesini sürətləndirir;

Azərbaycan Respublikasının hökuməti Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji rol oynamaq, eləcə də Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata keçirmək səylərini davam etdirir. Son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artması təchizatın şaxələndirilməsinin zəruriliyini bir daha vurğuladı.

Biz Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan dövlətləri istiqamətində genişləndirilməsi imkanlarının öyrənilməsində bütün maraqlı tərəflərin səylərini yüksək qiymətləndiririk. Növbəti addım olaraq Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarının reallaşdırılması zamanı yarana biləcək bütün kommersiya, ekoloji, texniki, normativ və iqlimlə bağlı məsələləri qiymətləndirmək vacibdir;

Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra iqlim və dayanıqlı inkişaf təşəbbüslərinə, o cümlədən “Metan Rəhbər Prinsipləri” təşəbbüsünə imza atıblar. Cənub Qaz Dəhlizinin sonrakı istismarı tədricən müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və sənayenin dayanıqlı inkişaf sahəsindəki ən yaxşı təcrübələrinin tətbiqinə əsaslanacaq”.