ENERGETİKA NAZİRİ ÜÇÜNCÜ “YÜKSƏLİŞ” MÜSABİQƏSİNİN QALİBİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elvin Əlizadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.

Müsabiqənin İşçi qrupundan bildirilib ki, nazir müsabiqədə uğur qazanması münasibətilə Elvin Əlizadəni təbrik edib, əvvəlki iki müsabiqənin qalibləri ilə olduğu kimi, onunla da qarşılıqlı faydalı əməkdaşlıq qurulacağına inamını bildirib. O, layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da təcrübəsini bölüşəcəyini, nazirliyin ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb. Mentorluq proqramı çərçivəsində üç ildə formalaşmış təcrübəyə əsasən, mentorla ikitərəfli görüşlər, nazirliyin müxtəlif struktur bölmələri və tabeli qurumlarının fəaliyyəti ilə tanışlıq, rəsmi tədbirlərdə iştirak kimi məsələləri əhatə edən fərdi inkişaf planının birgə hazırlanması və icrası razılaşdırılıb.

Elvin Əlizadə mentorluq proqramı çərçivəsində ona yaradılan imkana və səmimi qəbula görə təşəkkür edib. Proqramın idarəçilik, strateji qərarların qəbulu, komanda işinin effektiv təşkilində təcrübə qazanılması, həmçinin karyera və şəxsi inkişaf baxımından əvəzsiz fürsət olduğunu vurğulayıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti – sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.