ELEKTRON TƏHLÜKƏSİZLİK XİDMƏTİ İSTİFADƏÇİLƏRİ QURĞULAR ÜÇÜN YENİ ZƏRƏRVERİCİ PROQRAM BARƏDƏ XƏBƏRDAR EDİB

Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, “Android” platformasında mövcud olan və 3 milyondan çox istifadəçinin yüklədiyi bəzi tətbiqlərdə “Autolycos” adlı yeni zərərverici proqram aşkarlanıb.

Xidmətdən bildirilib ki, bu proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir.

Qeyd edək ki, həmin tətbiqlər cihazda quraşdırıldıqdan sonra SMS məzmununu oxumaq üçün də icazə istənilir.

“Autolycos” adlı yeni zərərverici proqramın hazırda mövcud olduğu tətbiqlərə “Funny Camera”, “Razer Keyboard & Theme”, “Vlog Star Video Editor”, “Creative 3D Launcher”, “Wow Beauty Camera”, “Gif Emoji Keyboard”, “Freeglow Camera 1.0.0” , “Coco Camera v1.1” daxildir.

Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə bu tipli zərərverici proqramlardan qorunmaq üçün qurğularınızda yuxarıda adları sadalanan tətbiqlər mövcuddursa, onları vaxt itirmədən silməyi, tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləməyi, “Android” əməliyyat sistemi ilə işləyən qurğularınızda arxa fonda internet istifadəsi və batareya sərfiyyatı çox olan tətbiqlərə şübhə ilə yanaşmağı və istifadə etmədiyiniz tətbiqləri qurğularınızdan silməyi, qurğularınızda təhlükəsizlik yenilənmələrini quraşdırmağı və antivirus həllərindən istifadə etməyi tövsiyə edir.