İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib. Ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.
İlk dəfə keçirilən festivalın sponsoru “NEO Motors” şirkəti olub. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Festivalın tərəfdaşları qismində isə “Efendiler Group”, “Volt Group”, “Improtex Motors”, “Onvolt Group”, “Cahan Motors” və “Nurgün Motors” şirkətləri qoşulublar.
Festivalda AAF-ın vitse-prezidenti Fərid Məmmədov və Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış ediblər.
Festival çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Onlar ekoavtomobillərə baxış keçirərək bu avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə geniş məlumat əldə ediblər.
Tədbirdə festivalın uğurla həyata keçirilməsində töhfə verən sponsor və tərəfdaşlara sertifikatlar təqdim edilib. Festival əyləncəli musiqi proqramı ilə yekunlaşıb.