EKVADORDA İĞTİŞAŞLARDAN SONRA 4,6 MİNDƏN ÇOX İNSAN SAXLANILIB

Ekvadorun güc strukturları həbsxanalarda qiyam və iğtişaşlar başlayandan bəri 4,6 mindən çox şübhəli şəxsi saxlayıb.

Bu barədə Ekvador polisi özünün sosial media hesabında yazıb. “İndiyədək 4 min 680 şübhəli saxlanılıb, onlardan 237-si terrorizmdə ittiham olunur”, – deyə polisin məlumatında bildirilir.

Cinayətkar qruplaşmalarla mübarizəyə təhlükəsizlik qüvvələrinin 57 mindən çox əməkdaşı cəlb olunub. Əməliyyatlar zamanı 1,5 mindən çox odlu silah, 8,3 minə yaxın partlayıcı və 40 tondan çox narkotik vasitə aşkarlanaraq müsadirə edilib. Həmçinin girovluqdan azad edilən insanların sayı 200 nəfəri ötüb.

Xatırladaq ki, yanvarın 7-də “Los Choneros” qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizliklə bağlı vəziyyət daha da kəskinləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girov götürmə halları baş verib. Yanvarın 8-də Ekvador Prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib. Dövlət başçısı daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsi barədə göstəriş verib.