EKVADOR MƏTBUATI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100-CÜ İLDÖNÜMÜNDƏN YAZIB

Ekvador mətbuatı Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı məqalə dərc edilib.

“El Vanguardista” və “PrensaEc” portallarında dərc olunan “Heydər Əliyev: Görkəmli şəxsiyyət – müdrik dövlət xadimi” sərlövhəli məqalədə 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi bu ölkədə həyatın ritminin dəyişdiyi, dönüş yarandığı və yeni bir dövrün başladığı bildirilib. Qeyd olunub ki, 1970-ci illərdə Bakıda o dövr üçün nadir müəssisələr – məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, Mingəçevir İES, Yenikənd və Sərsəng su elektrik stansiyaları tikilib.Qeyd olunub ki, o vaxt keçmiş SSRİ-nin müxtəlif dövlət universitetlərinə ali təhsil almaq üçün göndərilən gənclər bu gün respublikanın ixtisaslı kadrlarının əsasını təşkil edir. Yazıda, həmçinin milli hərbi kadrların hazırlanmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılışının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.Həmçinin diqqətə çatdırılıb ki, 1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Belə ki, Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə xalqının yollarını işıqlandıran parlaq mayak, qürur və iftixar mənbəyidir.Məqalədə dövlət müstəqilliyinin bərpasının olduqca ağır keçən ilk illərində ölkədə görünməmiş xaos və anarxiya hökm sürdüyü, 1993-cü ilin yayında siyasi və iqtisadi böhranın kulminasiya nöqtəsinə çatdığı, yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın gözünü Heydər Əliyevə dikdiyi və hamının ölkəni fəlakətdən yalnız bu müdrik insanın qurtara biləcəyi barədə yekdil fikirdə olduğundan bəhs edilib.Həmçinin bildirilib ki, dövlət idarəçiliyində zəngin təcrübəyə malik böyük strateq Heydər Əliyev ölkəsinin ilk milli Konstitusiyasını, Azərbaycan hüquqi modelini yaradıb.“Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev yaxşı bilirdi ki, yaşanan dərin sosial-iqtisadi böhrandan yeganə çıxış yolu neftdir. Buna görə də gərgin səylər bahasına “Amoko”, “BP”, “LUKoil”, “Statoil” və digər nəhəng şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın inkişafının, gələcək uğurlarının əsası qoyuldu”, – deyə yazıda vurğulanıb.Qeyd edilib ki, sonradan “üç dəniz əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz xəttinin ərsəyə gəlməsi, dövlətimizin başçısının 1996-cı və 1999-cu illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı sərəncamlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.Məqalədə Azərbaycan xalqının bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi xəttinə sadiq qalmaqla öz tarixinin yeni şanlı səhifələrini yazacağına, daha yüksək zirvələr fəth edəcəyinə inam ifadə olunub.