DYP-DƏN YOL HƏRƏKƏTİ İŞTİRAKÇILARINA MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

“Bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi Novruz şənliklərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər”.