DÜNYANIN MALİYYƏ NƏHƏNGLƏRİ AZƏRBAYCANLA İŞBİRLİYİNİ GENİŞLƏNDİRİR

Müasir dövrdə dünya iqtisadiyyatının başlıca  xüsusiyyətlərindən biri kapitalın sərbəst hərəkəti və beynəlxalq maliyyə institutlarının müxtəlif ölkələrdə fəaliyyətini genişləndirməsidir. Sözügedən kontekstdə Azərbaycanın regional iqtisadiyyatdakı rolu, enerji layihələri, nəqliyyat-tranzit imkanları və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar dünya maliyyə institutlarının və iri şirkətlərin diqqətini cəlb edib. Bu maraq həm iqtisadiyyatın neft-qaz sektoru, həm də qeyri-neft sahələrində müşahidə olunur. Qeyd edilənlərin daha bir təsdiqi Prezident İlham Əliyev Nyu-Yorkda dünyanın aparıcı maliyyə şirkətlərinin təmsilçiləri ilə görüşündə özünü bir daha büruzə verdi. 

Həmin şirkətlərdən biri 1985-ci ildə Nyu-Yorkda təsis olunan “Blackstone”dur.  O, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biridir,  özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır, dünyanın 27 şəhərində fəaliyyət göstərir. Şirkət  Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq əalqələrinə çalikdir və ölkəmizlə münasibətlərin daha da dərinləşməsində maraqlı tərəfdir. Bu məsələlər Prezident İlham əliyevin “Blackstone”un  prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşündə diqqət mərkəzinə gəlib. Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, Azərbaycanda formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.

1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkəti üçün də Azərbaycan maraqlı tərəfdaşdır.  Sözügedən şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir. Qeyd edilməlidir ki, Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.  Dövlət başçısı ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib. Xatırlatmaq lazım  gəlir ki, Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığı Azərbaycanın maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə mühüm töhfələr verib. Corc Volker də öz növbəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.

Prezident İlham Əliyevin  alternativ investisiyalar sahəsində dünyanın ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşündə də əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində yer alıb. Brüs Flətt rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb. Azərbaycanla “Brookfield Asset Management” şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. O da xüsusi qeyd edilməlidir ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Bu böyük maliyyə şirkətlərinin Azərbaycanla işbirliyi, onların ölkəmizə artan marağı qarşıdakı dövrdə daha böyük əməkdaşlıq əlaqələrinin qurulacağını deməyə əsas verir. Təbii ki, bu hal Azərbaycana əlavə iqtisadi dividendlər, yeni sərmayə axınları vəd edir.

Bəllidr ki, bu gün Azərbaycan regionda sabitlik adası kimi tanınır. Geosiyasi qeyri-müəyyənliklərin artdığı dövrdə ölkənin daxili sabitliyi və balanslı xarici siyasəti beynəlxalq maliyyə institutları üçün mühüm faktor rolunu oynayır. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolu artdıqca, qlobal maliyyə şirkətlərinin də bu bazara marağı yüksəlir. Eyni zamanda, Orta Dəhliz layihəsi və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın tranzit imkanlarını genişləndirərək beynəlxalq kapitalın cəlb edilməsinə şərait yaradır. Nəticədə dünyanın böyük maliyyə institutlarının və şirkətlərinin Azərbaycana marağı artır. Bu marağın əsas səbəbləri ölkənin strateji mövqeyi, iqtisadi sabitliyi, islahat yönümlü siyasəti, qeyri-neft sektorunun inkişafı və enerji layihələridir. Azərbaycan gələcəkdə də qlobal maliyyə dairələri üçün etibarlı tərəfdaş olaraq qalacaq və iqtisadiyyatına yönələn xarici kapitalın həcmi artmaqda davam edəcək. Hər halda yuxarıda adları çəkilən  şirkətlərin ölkəmizə diqqət və marağı da bunu təsdiq edir. Belə vəziyyət  ölkənin həm regional, həm də qlobal iqtisadi sistemdə mövqeyini daha da möhkəmləndirməyə xidmət edir.

Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişaf strategiyasında beynəlxalq maliyyə institutları və iri maliyyə şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Onların ölkəyə marağı yalnız kapitalın axını ilə məhdudlaşmır, həm də iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan yaradır. Qlobal maliyyə qurumları ilə əməkdaşlıq Azərbaycana yalnız maliyyə dəstəyi deyil, həm də müasir idarəetmə təcrübəsi və texnologiyaların gətirilməsini təmin edir. Bu, xüsusilə bank sektoru, rəqəmsal xidmətlər və yaşıl enerji layihələrində özünü göstərir. Nəticədə Azərbaycan müasir maliyyə alətlərindən və risklərin idarə olunması mexanizmlərindən faydalanır.

Daha bir mühüm nüans odur ki, beynəlxalq maliyyə institutlarının ölkəmizə marağı yalnız neft və qaz sektoruna deyil, həm də qeyri-neft sahələrinə yönəlir. Bu, kənd təsərrüfatının modernləşdirilməsi, turizmin inkişafı, İKT və logistika sahələrinə əlavə kapitalın cəlb olunmasına imkan yaradır. Beləliklə, Azərbaycanın iqtisadiyyatı enerji sektorundan  asılılığını azaldaraq daha dayanıqlı modelə keçir. Digər tərəfdən bu və digər üstünlüklər nəticəsində Azərbaycan iqtisadiyyatı daha dayanıqlı, şaxələnmiş və rəqabətədavamlı hala gəlir. Eyni zamanda, ölkənin regional və qlobal iqtisadi sistemdə rolu möhkəmlənir, beynəlxalq tərəfdaşlıq imkanları genişlənir.

MTM Analitik Qrup