DÜNYANIN APARICI ŞİRKƏTLƏRİ İLƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANI DÜNYADA DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVİRİR

Qlobal iqtisadiyyatın dəyişən şərtləri fonunda Qərb, o cümlədən ABŞ şirkətlərinin xarici bazarlara yönəlməsi yeni imkanlar və strateji tərəfdaşlıqlar formalaşdırır. Bu kontekstdə Azərbaycan hər zaman Qərb biznes dairələrinin də diqqətini cəlb edən mühüm regional mərkəzlərdən biri kimi çıxış edib və bu hal son illərdə özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Ölkəmizin əlverişli geostrateji mövqeyi, zəngin enerji resursları, inkişaf edən qeyri-neft sektoru və stabilliyi, tranzit imkanları  ABŞ da daxil olmaqla Qərb şirkətlərinin Azərbaycana marağını şərtləndirən əsas amillər sırasında yer alır.

O da həqiqətdir ki, ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının təməli hələ 1990-cı illərdə enerji sektorunda qoyulub. “Əsrin müqaviləsi” çərçivəsində ABŞ-ın aparıcı enerji şirkətləri Xəzər hövzəsində həyata keçirilən neft-qaz layihələrində fəal iştirak edib. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından strateji xarakter daşıyırdı. ABŞ şirkətlərinin Azərbaycana gəlişi ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasını sürətləndirdi, onu etibarlı enerji tərəfdaşı kimi tanıtdı.

Hazırda ABŞ şirkətlərinin marağı təkcə enerji sektoru ilə məhdudlaşmır. İnformasiya texnologiyaları, bərpaolunan enerji, kənd təsərrüfatı, logistika, maliyyə xidmətləri, səhiyyə və müdafiə sənayesi kimi sahələrdə də Amerika biznesinin ölkəmizə marağı artmaqdadır. Bunu Prezident İlham Əliyevin  ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi fonunda da görmək mümkündür. Nümayəndə heyətində Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri yer alıb.

Azərbaycan üçün belə şirkətlərlə əməkdaşlıq iqtisadi inkişaf, texnologiya transferi və beynəlxalq mövqenin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki onlar faktiki olaraq, qlobal iqtisadiyyatın, texnologiyanın və enerji sisteminin belə demək mümkünsə, “ağır çəkililəri”dir. Sözügedən şirkətlərin təmsilçiləri ilə görüş zamanı Prezident İlham Əliyev qeyd edib: “Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib… Düşünürəm ki, bu səfərin nəticəsində biz müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq. Onu da bilirəm ki, siz ABŞ iqtisadiyyatının müxtəlif seqmentlərini təmsil edirsiniz və bu, çox faydalı olacaq, çünki bu günə qədər iqtisadi əlaqələrimiz bizim görmək istədiyimiz səviyyədə deyil”.

Bəllidir ki, “Apple”, “Meta”, “Ericsson AB”, “Motorola Solutions” və “Honeywell” kimi şirkətlər qlobal rəqəmsal transformasiyanın aparıcı qüvvələridir. “Apple” istehlak texnologiyalarında innovasiya standartlarını müəyyən edir, “Meta” qlobal rəqəmsal ünsiyyət mühitini formalaşdırır, “Ericsson AB” isə 4G və 5G infrastrukturunun qurulmasında əsas rol oynayır. “Motorola Solutions” ictimai təhlükəsizlik və kritik rabitə sistemləri sahəsində dünya lideridir. Azərbaycan üçün bu şirkətlərin əhəmiyyəti ilk növbədə rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlıdır.

“ExxonMobil”, bp, “Shell International”, “Baker Hughes”, “Lummus Technology” və “Ardea Energy Technologies Inc.” qlobal enerji bazarlarının əsas oyunçularıdır. Bu şirkətlər neft-qaz hasilatı, emalı, maye qaz, eləcə də bərpaolunan və aşağı karbon texnologiyalarında aparıcı mövqeyə malikdirlər. Onlar enerji təhlükəsizliyinin təminində, qlobal bazarların sabitliyində və enerji transformasiyasında mühüm rol oynayırlar. Azərbaycan üçün bu şirkətlərin əhəmiyyəti strateji xarakter daşıyır. bp və digər beynəlxalq enerji şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında, Xəzər hövzəsinin qlobal bazarlara çıxarılmasında həlledici rol oynamışdır. “Baker Hughes” və “Lummus Technology” kimi şirkətlər texnoloji həllər təqdim edərək sənayenin modernləşməsinə töhfə verir. “Ardea Energy” kimi şirkətlərin fəaliyyəti isə Azərbaycanın “yaşıl enerji” strategiyası və dekarbonizasiya hədəfləri ilə üst-üstə düşür. “J.P. Morgan”, “Visa” və “Mastercard” qlobal maliyyə sisteminin dayaqları hesab olunur. “J.P. Morgan” beynəlxalq kapital axınlarının idarə olunmasında aparıcı banklardan biridir. “Visa” və “Mastercard” isə nağdsız iqtisadiyyatın əsas infrastrukturlarını formalaşdıraraq qlobal ticarətin sürətini və təhlükəsizliyini təmin edir. Azərbaycan üçün bu şirkətlərin rolu maliyyə sektorunun beynəlxalq inteqrasiyası baxımından mühümdür. Nağdsız ödənişlərin genişlənməsi, fintech ekosisteminin inkişafı, bank sektorunun şəffaflığı və investisiya mühitinin cəlbediciliyi məhz bu cür qlobal maliyyə institutları ilə əməkdaşlıq sayəsində güclənir.

“Boeing Global” və “Wabtec” qlobal nəqliyyat və logistika sistemlərinin inkişafında mühüm rol oynayır. “Boeing” mülki aviasiya və müdafiə sənayesində liderdir, “Wabtec” isə dəmir yolu və lokomotiv texnologiyalarında ixtisaslaşıb. Azərbaycan üçün bu şirkətlər ölkənin regional tranzit və logistika mərkəzinə çevrilməsi strategiyası baxımından əhəmiyyətlidir. Aviasiya parkının modernləşdirilməsi, dəmir yolu infrastrukturunun yenilənməsi və beynəlxalq yük daşımalarının səmərəliliyinin artırılması bu əməkdaşlıqların əsas üstünlükləridir. “Illumina”, “Herbalife”, “Marriott” və “Azerbaijan Coca-Cola Bottlers” MMC qlobal səhiyyə, qida və xidmət sektorlarında mühüm mövqeyə malikdir. “Illumina” genomika və fərdi tibbin inkişafında liderdir, “Marriott” qlobal turizm və otelçilik standartlarını formalaşdırır, “Coca-Cola” sistemi isə beynəlxalq brendlərin yerli iqtisadiyyata inteqrasiyasının uğurlu nümunəsidir. Azərbaycan üçün bu şirkətlər səhiyyənin modernləşdirilməsi, turizmin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və məşğulluğun artırılması baxımından mühüm rol oynayır.

Bununla yanaşı, ABŞ şirkətlərinin Azərbaycana marağı siyasi və strateji üstünlüklər də formalaşdırır. İqtisadi əməkdaşlıq ölkələr arasında qarşılıqlı asılılığı artırır, siyasi dialoqun dərinləşməsinə və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə zəmin yaradır. ABŞ üçün Azərbaycan enerji təhlükəsizliyi, regional sabitlik və Avrasiya məkanında etibarlı tərəfdaş kimi önəm daşıdığı kimi, Azərbaycan üçün də ABŞ qabaqcıl texnologiya və qlobal bazarlara çıxış imkanı təqdim edir. Şübhəsiz ki, qeyri-neft sektorunun genişlənməsi və “yaşıl iqtisadiyyat”ın inkişafı fonunda Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının daha da dərinləşəcəyi gözlənilir ki, bu da hər iki tərəf üçün uzunmüddətli üstünlüklər vəd edir. Digər tərəfdən bu şirkətlərlə əməkdaşlıq Azərbaycanın regional liderlik mövqeyini gücləndirir və ölkəni Cənubi Qafqazın iqtisadi və texnoloji mərkəzinə çevirir.

MTM Analitik Qrup