DÜNYADA TİCARƏT MÜHARİBƏSİ DAHA DA KƏSKİNLƏŞİR, AZƏRBAYCAN ÜZƏRİNDƏN DAŞIMALARA EHTİYAC ARTIR

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ABŞ Prezidenti Donald Trampın aqressiv ticarət siyasətinin qlobal iqtisadi tənəzzülə səbəb olduğunu bəyan edib. Parisdə yerləşən təşkilat ABŞ dövlət başçısının “tarif hücumu”nun təsirini əsas götürərək, bu il ikinci dəfə qlobal iqtisadi artım proqnozunu kəskin şəkildə azaldıb. Bildrilir ki, ticarət maneələri və artan qeyri-müəyyənlik investorlarda inamı sarsıdır və investisiyaları dayandırır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı onu da diqqtətə çatdırır ki, proteksionizmə inflyasiya təzyiqlərinin də əlavə olunması dünya iqtisadiyyatında vəziyyəti daha da gərginləşdirir. Belə vəziyyətdə qurum qlobal iqtisadi artımın 2024-cü ildəki 3,3 faizdən bu il 2,9 faizə qədər yavaşlamasını proqnozlaşdırır. Təşkilat ABŞ-də artım tempinin daha da azalacağını və mart ayında proqnozlaşdırılan 2,8 faizdən 1,6 faizə düşəcəyini gözləyir.

Hökumət borcunun yüksələn səviyyələri isə dünyanın böyük iqtisadiyyatları üçün daha ağrılı nöqtəyə çevrilir. Belə bir vaxtda Donald Trampın idxal olunan polad və alüminium üçün rüsumları 25 faizdən 50 faizə qədər artıran sərəncam imzalaması yenidən qlobal iqtisadiyyatda rezonanslara səbəb olub. Tariflər ABŞ ilə ticarət müqaviləsi imzalayan Böyük Britaniyadan başqa bütün ölkələr üçün keçərlidir. Belə vəziyyətdə qlobal ticarət dövriyyəsində də azalmalar qaçılmaz hesab edilir. Bu, xüsusən də ABŞ ilə  müxtəlif ölkələrin ticarətinin azalması səbəbindən baş verir. Artıq Çin Gömrük Xidmətinin məlumatına görə, aprel ayında ABŞ-Çin ticarət həcmi 20 faiz azalaraq 45,6 milyard dollar olub. Beləliklə, iki ölkə arasında ticarət müharibəsi Çin və ABŞ arasında ticarət dövriyyəsinin kəskin azalmasına gətirib çıxarıb. ABŞ-Çin ticarətində azalma Vaşinqtonun Çin mallarına 10 faiz tarifləri tətbiq etməsindən və Pekinin Amerika tədarüklərinə 15 faizlik tariflə cavab verməsindən qısa müddət sonra qeyd alınıb.

Bu ilin aprel ayında iki ölkənin ticarət müharibəsi daha da kəskinləşməyə başlayıb. ABŞ Çinə tətbiq edilən rüsumları əvvəlcə 34 faizə, sonra isə 145 faizə qaldırıb. Çin buna cavab olaraq Amerika mallarına idxal tariflərini 125 faiz artırıb. Sonradan Vaşinqton və Pekin tərəfindən yüksək rüsumların üç ay müddətinə dayandırılması barədə qərar qəbul olunub. Amma tərəflər vaxtaşırı biri-birini bu qərarları pozmaqda ittiham edirlər. Proseslər  ölkələr arasında əvvəlki ticarət dövriyyəsinin bərpasının artıq mümkün olmadığını göstərir. Bu halda Çin ixracını daha çox digər istiqamətlərə, o cümlədən də Avropaya yönləndirməyə çalışır. Bu da öz növbəsində Azərbaycan üzərindən daşınan Çin məhsullarının həcminin artacağını proqnozlaşdırmağa əsas verir. Qeyd edilməlidir ki, Azərbaycan Çin məhsullarının tranzitində getdikcə daha mühüm rol oynamağa başalayır. Elə Avropanın da Çinə ixracının artırılması prioritetdir. Yenə bu məsələdə Azərbaycanın tranzit imkanları Avropa üçün də böyük önəm kəsb edir.  

Bütün bunlar dünyadakı ticarət müharibəsinin Azərbaycana mənfi məqamlarla yanaşı, müsbət təsirlərinin də olduğunu göstərir. Proseslər isə dünya iqtisadiyyatındakı durumun qarşıdakı dövr ərzində hələ gərgin məcrada qalmaqda davam edəcəyini deməyə əsas vrir. Çünki ABŞ rüsumları qaldırmaqda davam edir.  Bu, xüsusilə, artıq cavab tədbirləri haqqında danışan Avropa İttifaqına ağır zərbə vuracaq. Ağ Ev administrasiyası ticarət rüsumlarının tətbiq olunduğu onlarla ölkədən Amerika məhsullarının idxalı üçün kvota və dərəcələrlə bağlı təkliflərini təqdim etməyi də tələb edir. Vəziyyəti həll etmək mümkün olmasa, ABŞ-nin hərəkətləri ilə təhrik edilən tammiqyaslı qlobal ticarət müharibəsi daha da kəskinləşəcək. O da xüsusi nəzərə alınmalıdır ki, Tramp bir məsələdə son dərəcə ardıcıldır. Belə ki, Tramp dünya siyasəti və iqtisadiyyatı haqqında danışmağa başladığı 1980-ci illərdən bəri ABŞ-nin digər ölkələrlə ticarət kəsirindən əziyyət çəkdiyini və bunun yalnız tariflər vasitəsilə düzəldilə biləcəyi fikrini müdafiə edir. İlk prezidentlik müddətində o, bu məsələdə istədiyi irəliləyişə nail ola bilmədi. Lakin ikinci prezidentlik dönəmində Tramp daha qəti addımlar atır. Bu il aprelin 2-də o, 185 ölkə və ərazi üçün tarifləri qaldırdı. Sonradan müəyyən ölkələr üçün istisnalar oldu, onlara müddət verildi. Ancaq bu müddət artıq başa çatır və tariflər qüvvəyə minir. Burada bir məsələni də xüsusi qeyd etmək lazım gəlir. ABŞ-nin Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinin qərarıan əsasən, Tramp başqa ölkələrdən idxal olunan mallara gömrük rüsumları tətbiq etməklə öz səlahiyyətlərini aşıb. Tramp administrasiyası dərhal buna etiraz edib. Apellyasiya şikayətinə iyunun 9-da baxılacaq. Lakin xatırlatmaq lazımdır ki, Tramp fundamental hesab etdiyi məsələlərlə bağlı məhkəmə qərarlarına artıq məhəl qoymadığını bir neçə dəfə nümayiş etdirib. Tariflərin artırılması da məhz belə bir məsələdir.  Bu səbəbdən ticarət savaşının davam edəcəyini, hətta kəskinləşəcəyini gözləmək olar.

Belə vəziyyətdə gözləntilər ondan ibarətdir ki, ixrac qabiliyyətini qorumaq məqsədilə Çin və Avropa diqqətlərini daha çox biri-birlərinə yönəldəcək. Bu fonda onların məhsullarının daha böyük həcmdə Orta Dəhlizə yönləndirilməsi proqnozlaşdırılır. Təbii ki, bu da tranzit ölkə və Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Azərbaycan üzərindən daha çox yük daşınması demək olacaq. Bunlar Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində davamlı artıma səbəb olacaq. Bu da o deməkdir ki, qlobal tədarük zəncirində Azərbaycan mövqeyinin güclənməsi davam edəcək. Qeyd edilənlərlə bağlı olaraq, ölkədə mövcud nəqliyyat infrastrukturunun yükötürmə qabiliyyətinin artırılması, tranzit əməliyyatlarında  dövlət sərhədindən buraxılış məntəqələrində  sürətli keçidin təmin edilməsi istiqamətində işlər görülür. Elə bu da Azərbaycan üzərindən yükdaşımalara beynəlxalq marağı əhəmiyyətli dərəcədə artırır.

MTM Analitik Qrup