
Fevralın 21-i və 22-də Kosta-Rikanın paytaxtı San-Xose şəhərində “Rəqəmsal İnsansızlaşdırma Konfransı” keçirilir.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyindən bildirilib ki, qlobal konfrans ölümcül təsirli tam avtonom silah sistemləri əleyhinə olan “Qatil robotları dayandırın” adlı nüfuzlu təşkilat tərəfindən təşkil edilib. Ölümcül təsirli tam avtonom silah sistemləri insan müdaxiləsi olmadan kimin yaşayacağı və kimin öləcəyinə qərar verən silah növü kimi yaradılmaqdadır və bu bəşəriyyət üçün ekzistensialist təhlükədir.
Hazırlanmaqda olan bu silah növləri mülki vətəndaşları əsgərlərdən ayırmayacaq, bu silahlarda insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda qərar qəbulunda yalnız maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaq. Ölümcül təsirli tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər.
Bütün bunları nəzərə alaraq, bəzi dövlətlərin hökumətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşğul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər.
Bu prosesdə 26 Nobel sülh mükafatçısı fəal iştirak edir. Artıq bir neçə ildir ki, BMT-nin Adi Silahlar Konvensiyası çərçivəsində 100-dən çox dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır.
Qeyd etmək lazımdır ki, müzakirələr süni zəka sistemlərinin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və fəlakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədqiq edilir. 28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxıb. 63 faizi qadınlar və 60 faizi kişilər olmaqla bu silah növlərinin yaradılmasının əleyhinə olublar. Rəyi soruşulanların 66 faizi bu silahların “mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən” ən çox narahat olduqlarını bildiriblər.
Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir. Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycan Respublikasının da fəal iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökumətinin müvafiq strukturlarının iştirakını vacib hesab edirik.
