DÜNYADA ƏN İRİ MALİYYƏ SAYTLARINDAN BİRİNDƏ AZƏRBAYCANIN QARABAĞI BƏRPA ETMƏK PLANLARINDAN SÖHBƏT AÇILIB

Dünyada maliyyə sahəsinə aid ən iri xəbər resursları üçlüyünə daxil olan “İnvesting.com” maliyyə platformasında Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı barədə “Röyter” agentliyinin məlumatı dərc edilib.
Materialda Prezident İlham Əliyevə istinadla Azərbaycanın Qarabağda üç hava limanı tikməyi planlaşdırılması qeyd edilir. Həmin aeroportlardan biri bu ilin payızında hazır olacaq. Azərbaycan cari ildə bu regiona 2,2 milyard manat sərmayə qoymaq niyyətindədir.
Azərbaycan Prezidentinin sözlərinə görə, Füzulidəki aeroportun tikintisi artıq başlanıb. Laçında və Zəngilanda daha iki hava limanı tikilməsi planlaşdırılır. Onlar hamısı beynəlxalq aeroportlar olacaq və həm əcnəbilərin, həm də yerli əhalinin Şuşa şəhərinə rahat getməsinə imkan yaradacaq.
Prezident İlham Əliyev deyib: “Tikintinin müddətini qabaqcadan demək çətindir. Ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlər müəyyən çətinliklər yaradır, lakin ümid edirik ki, Füzulidəki aeroport bu il payızın əvvəlində hazır olacaq”.
Saytın oxucularına azərbaycanlı qaçqınların regiona qayıtması planları barədə də söhbət açılır. İlham Əliyev deyib: “Konkret müddətlərin adını çəkmək istəmirəm, hərçənd məndə bu haqda məlumat var. Biz qaçqınları mərhələli şəkildə və maksimum qısa müddətdə qaytaracağıq. Azərbaycanlı əhali hazırda sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə də qayıdacaq”.
Materialda qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsinə də aydınlıq gətirib. O deyib ki, Bakı Türkiyədən silah alsa da, bu məsələ gündəlikdə deyil.