DÜNYA NEFT BAZARINDA YENİ QİYMƏT MÜBARİZƏSİ BAŞLANIR, AZƏRBAYCAN DA PROSESİN MÜHÜM İŞTİRAKÇISIDIR

ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı neft qiymətləri ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Belə görünür ki, neftin mövcud qiymətinin aşağı salınması istiqamətində ABŞ-ın indiki hakimiyyəti genişmiqyaslı fəaliyyət göstərmək niyyətindədir. Donald Tramp hesab edir ki, bu hal Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin sülh yolu ilə həlli üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Rusiyaya Ukrayna ilə münaqişəni davam etdirməyə imkan verən amillərdən biri də neft qiymətlərinin çox yüksək olmasından qaynaqlanır. Bununla yanaşı, Tramp əsas neft istehsalçılarını, xüsusilə də Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrini döyüşlərə son qoymaq üçün hasilatı artırmağa və qiymətləri aşağı salmağa çağırıb: “Mən Səudiyyə Ərəbistanından və OPEC-dən neftin qiymətini aşağı salmağı xahiş edəcəyəm. O, aşağı salınmalıdır! Qiymət aşağı düşərsə, Rusiya ilə Ukrayna arasında müharibə dərhal başa çatacaq”. Artıq Rusiyada ABŞ Prezidentinin dediklərinə ən yüksək səviyyədə münasibət bildirilib. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ-ın yeni administrasiyası ilə bir çox, o cümlədən strateji sabitlik və iqtisadiyyat, eləcə də enerji məsələləri üzrə təmas nöqtələri ola biləcəyini bəyan edib. Vladimir Putin onu da vurğulayıb ki, Rusiya və ABŞ ən böyük neft istehsalçıları olmaqla yanaşı, həm də enerji resurslarının ən böyük istehlakçılarıdır: “Bu isə o deməkdir ki, həm bizim, həm də Amerika iqtisadiyyatı üçün çox yüksək qiymətlər pisdir, çünki enerji resurslarından istifadə edərək ölkə daxilində başqa mallar da istehsal etməliyik. Digər yandan, çox aşağı qiymətlər də çox pisdir, çünki bu, enerji şirkətlərinin investisiya imkanlarına xələl gətirir. Bu istiqamətdə danışacağımız çox şey var… Enerji sektorunda qarşılıqlı maraq doğura biləcək başqa məsələlər də var”. Beləliklə, qarşıdakı dövrdə ABŞ-ın neft qiymətləri ilə bağlı hansı siyasət yürüdəcəyi, digər hasilatçıların, o cümlədən OPEC+ çərçivəsində bir araya gəlmiş ölkələrin buna hansı reaksiya verəcəyi böyük maraq doğurur. Məsələ burasındadır ki, ABŞ və digər hasilatçıların qiymətlərə təsir etmək üçün imkanları yüksəkdir. Ən azından ölkələrin malik olduqları neft ehtiyatları, bazara çıxarılan həcmlərin tənzimlənməsinin mümkünlüyü buna müvafiq zəmin yaradır. Qeyd edilməlidir ki, bu gün dünyanın ən böyük neft ehtiyatları Venesueladadır, sözügedən ölkədə təxminən 300 milyard barel “qara qızıl”ın olduğu ehtimal edilir. Bu da bütün qlobal ehtiyatların demək olar ki, 19 faizinə bərabərdir. Sonrakı yerlərdə 267 milyard barellə Səudiyyə Ərəbistanı, 209 milyard barellə İran, 170 milyard barellə Kanada, 145 milyard barellə İraq, 102 milyard barellə Küveyt, 98 milyard barellə BƏƏ, 80 milyard barellə Rusiya gəlir. Birləşmiş Ştatlar dünya neft ehtiyatlarının cəmi 2,5 faizinə malikdir, halbuki ölkə qlobal neft hasilatı və istehlakına görə liderdir. Rusiya və Səudiyyə Ərəbistanı qlobal enerji bazarında hasilat baxımından ABŞ-ın əsas rəqibləridir. Eyni zamanda, böyük ehtiyatların olması istehsal sektorunda liderlikdən xəbər vermir. Məsələn, Venesuelada neft ehtiyatları əsasən hasilatın mümkün olmadığı dərinliklərdə yerləşir. Hazırda neft hasilatının həcmi baxımından dünyada ilk üçlükdə Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ gəlir. Onların üçlükdəki mövqeləri ildən-ilə dəyişə bilər. Məlumatlara görə, ABŞ-da hasilat sutkada 13 milyon bareldən çoxdur, Rusiya və Səudiyyə Ərəbistanı isə təxminən eyni səviyyədədir, gündəlik 10,5 milyon barel təşkil edir. Hasil edilmiş neft ən böyük həcmdə ABŞ-da saxlanılır. Belə ki, Birləşmiş Ştatlar Texas və Luiziana ştatlarının körfəz sahili boyunca təbii olaraq meydana gələn dörd yeraltı mağarada strateji neft ehtiyatı saxlayır. Burada saxlanılan ehtiyatlar təxminən 400 milyon bareldir. İndi Amerika prezidenti ABŞ-da neft hasilatını artırmağı və bütün dünya bazarını ucuz neftlə doldurmağı planlaşdırır. Amma bu heç də asan proses deyil, ABŞ-da böyük enerji şirkətləri, o cümlədən şist neft hasilatçıları belə yanaşmaya qarşıdırlar. Düzdür, ABŞ-da neftin aşağı qiymətləri ölkə sənayesinə rəqabət üstünlüyü verir və bir çox sənaye təmsilçiləri qiymətləri azaltmaq üçün Tramp hasilatı artırmağa çağırırlar. Amma bunun üçün Tramp federal torpaqlarda, o cümlədən Alyaska və Texasda, eləcə də Sakit və Atlantik okeanlarının şelfində hasilata, neft kəmərlərinin tikintisinə icazə verməlidir. ABŞ Konqresində, eləcə də Amerika cəmiyyətində buna qarşı olanların sayı heç də az deyil. Digər tərəfdən ABŞ-da neft şirkətləri üçün mənfəət ön planda yer alır, onlar sözügedən sahəyə investisiyaları artırmazdan əvvəl layihələri uzunmüddətli perspektiv üçün qiymətləndirirlər. Aşağı enerji qiymətləri şirkətləri cəlb etmir. Kanzas-Siti Federal Ehtiyat Bankı tərəfindən neft sənayesinin nümayəndələri arasında aparılan sorğu göstərir ki, ABŞ-da hazırda istismar olunan neft yataqlarında hasilatın davam etdirilməsi üçün minimal qiymət 65 dollar olmalıdır. Neftin qiyməti 89 dollara çatacağı halda isə ABŞ-da hasilatı artırmaq sərfəli hala gələcək. Beləliklə, ABŞ-da neft hasilatını artırmaq heç də asan məsələ deyil. Daha bir mühüm məsələ odur ki, OPEC+ ölkələri hasilatı azaldacağı halda neft qiymətlərini ABŞ lideri istədiyi həddə endirə bilməyəcək. Hazırda neftlə bağlı baş verənlər hasilatçı ölkə kimi Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Ölkəmizin bu məsələdə əsas üstünlüklərindən biri ondan ibarətdir ki, iqtisadiyyatın enerji, o cümlədən neft faktorundan asılılığı ildən-ilə azalır. Əvəzində qeyri-neft/qaz sektorunun xüsusi çəkisi davamlı şəkildə artır. Bu, həm istehsalda, həm də ixracda özünü göstərir. Düzdür, ixracda hələ də əsas pay neft və qaza məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Ötən il neft-qaz sektorunda ixrac 23 milyard 197 milyon 549 min ABŞ dolları təşkil edib. Ancaq ölkədə qeyri-neft sektorunda davamlı artımlar qeydə alınır. Elə ötən il Azərbaycanın qeyri-neft/qaz ixracı 2023-cü illə müqayisədə 0.3 faiz artaraq 3.4 milyard ABŞ dolları təşkil edib. Yeyinti məhsullarının ixracı 11.3 faiz artaraq 1.03 milyard ABŞ dollarına bərabər olub. 2024-cü ildə Azərbaycanda 64.1 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 1.1 faiz çox sənaye məhsulu istehsal edilib. Qeyri-neft/qaz sektorunun inkişafı istiqamətində görülən işlər dünya enerji bazarlarında baş verənlərin ölkəmizə getdikcə daha az təsir etməsini şərtləndirir. Bununla yanaşı, Azərbaycan OPEC+ ölkələri sırasında yer alaraq, neft qiymətlərinin tənzimlənməsinə də təsir göstərmək imkanlarına malikdir. OPEC+ isə qiymətlərin münasib həddə qalması üçün mühüm təsir vasitələri formalaşdıra bilib. Bu da o deməkdir ki, Azərbaycan da daxil olmaqla digər hasilatçı ölkələri yaxın perspektivdə qiymət sarıdan hansısa sürpriz gözləmir.

MTM Analitik Qrup