DÜNYA NEFT BAZARINDA BÖYÜK ÇALXALANMALAR: AZƏRBAYCAN PREVENTİV TƏDBİRLƏRİN MİQYASINI GENİŞLƏNDİRİR

Neft bazarı ABŞ və Çin arasında davam edən ticarət müharibəsi,  həmçinin bəzi OPEC+ ölkələrinin “qara qızıl” hasilatının artması fonunda ciddi çalxalanmalar yaşayır. Ümumi proqnozlar bundan ibarətdir ki, neft qiymətində tərəddüdlər hələ müəyyən müddət davam edəcək. Hasilat həcminin artırılması istiqamətində addımlar davamlı olacağı halda qiymətlərin növbəti enişi qaçılmaz olacaq. Düzdür, Londonda ABŞ və Çin rəsmiləri arasında ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması, ixrac nəzarəti ilə bağlı mübahisələrin həllinə yönəlmiş çərçivə sazişi üzərində razılıq neft qiymətlərində enişi əngəlləyib. Lakin bu proses müvəqqəti hal hesab edilir.

Məsələ burasındadır ki, daha əvvəl də ABŞ və Çin tariflərin tətbiqi məsələsində razılığa gəlsələr də, sonradan biri-birlərini bu razılıqları pozmaqda ittiham etdilər. Bu dəfə də analoji halın yaşanması istisna deyil. Təbii ki, bunun da yenə öz təsirlərini hiss etdirəcək seqmentlərdən biri məhz neft bazarı olacaq. Amma ən təhlükəli hal bəzi OPEC+ ölkələrinin hasilatı əhəmiyyətli dərəcədə artırmaq istəyidir. Söhbət ilk növbədə Səudiyyə Ərəbistanından gedir. Hətta iş o yerə çatıb ki, neft qiymətlərinin aşağı olmasında maraqlı tərəf kimi çıxış edən ABŞ də bu məsələdən narahatdır. Elə bu fonda ABŞ Səudiyyə Ərəbistanını enerji bazarında yeni qiymət müharibəsinə başlamaqda ittiham edir. “Bank of America” analitiklərinin fikrincə, Səudiyyə Ərəbistanının məqsədi həm ABŞ şist istehsalçılarından, həm də OPEC+ birliyində digər müəyyən iştirakçılarının bazar payını əldə etməkdir. “Bank of America”nın əmtəə araşdırmalarının rəhbəri Fransisko Blanç “Bloomberg” televiziyasına bildirib ki, rəsmi Ər-Riyad daha yüksək istehsal xərcləri ilə üzləşən ABŞ-nin şist istehsalçılarından neft bazarı payını almağa çalışır: “Bu qiymət müharibəsi qısamüddətli və kəskin olmayacaq, əksinə, uzunmüddətli və mərhələli olacaq. Strategiyadakı dəyişiklik artıq öz bəhrəsini verir, ABŞ-də neft hasilatı ilə bağlı son dörd il ərzində qazma qurğularının sayı ən aşağı həddə düşüb”.

Onu da xatırlatmaq lazım gəlir ki, cari ilin mayın 31-də könüllü neft hasilatının azaldılması sazişində iştirak edən səkkiz OPEC+ ölkəsi ilkin üç aylıq hasilatın artırılması planına uyğun olaraq, iyul ayında hasilat həddini daha 411 min barel artırmaq qərarına gəldiyini açıqlayıblar. Səkkiz OPEC+ ölkəsinin avqustun neft hasilatı planını müzakirə etmək üçün iyulun 6-da görüşməsi planlaşdırılır. Burada həlledici rol isə məhz Səudiyyə Ərəbistanına məxsusdur. Neft hasilatının artımı bazarda təklifin artması səbəbindən qiymətin aşağı düşməsi ilə nəticələnəcək. Belə dempinq siyasəti hasilatı artıran ölkələrə yeni alıcıları cəlb etməyə kömək edəcək. Digər tərəfdən, hər neft hasil edən iqtisadiyyat “qara qızıl”ın qiymətinin çökməsinə tab gətirə bilməyəcək. Bundan sonra  dempinq siyasəti həyata keçirən ölkələr alternativi olmayan alıcılara yenidən yüksək qiymətlər diqtə edə biləcək. Bütün məsələ hansı rəqiblərin zəiflədilməsinin planlaşdırıldığı və kiminlə əməkdaşlıq qurulacağıdır. Fransisko Blanç qeyd edir ki, Səudiyyə Ərəbistanı mübaliğəsiz olaraq hamıdan – Amerika şist nefti istehsalçılarından və bir-birinin uğurlarını daim narazılıqla izləyən digər OPEC+ üzvlərindən bazar payını almağı planlaşdırır: “Səudiyyə Ərəbistanı 3 ildən artıqdır ki, qiymətləri təkbaşına saxlayır və  bu da rəqiblərə hasilatı artırmağa imkan verir. İndi bu dövr başa çatıb”.

Baş verənlər hasilatçı ölkə kimi Azərbaycanda da diqqətlə izlənilir. Qeyd edilməlidir ki, Azərbaycan neft hasilatı ilə bağlı OPEC+ çərçivəsində üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirib. Qiymətlərlə bağlı baş verənlər isə hələlik Azərbaycan üçün ciddi təsirə malik deyil. Ölkənin cari il üçün dövlət büdcəsində bir barel neftin qiyməti 70 ABŞ dollarından hesablanıb. Hazırda qiymətlər bu hədd ətrafında cərəyan edir. Hətta bir çox hallarda “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 70 dollardan yuxarı olur. Bununla belə Azərbaycan neft bazarında istənilən ssenariyə hazırlıq üçün də müvafiq addımlar atır.

Əsas tədbirlər sırasında şübhəsiz ki, qeyri-neft sektorunun inkişafı ön planda yer alır. Bundan irəli gəlir ki, ötən il Azərbaycanın iqtisadiyyatı 4,1 faiz artıb və bu, əsasən qeyri-neft sektoru hesabına olub. Hesabat dövründə  qeyri-neft/qaz sektoru 6,2 faiz artıb. Cari ilin ilk beş ayı ərzində də qeyri-neft/qaz sektorunda artım qeydə alınıb. Xidmət, turizm, aqrar, yüngül sənaye və digər istiqamətlərdə istehsal və ixrac həcmi sürətlə artır. Elə bundan irəli gəlir ki, büdcəyə qeyri-neft/qaz daxilolmaları da artır. Hesablamalara əsasən, cari ilin yanvar-may aylarında Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub. Bununla da, proqnoza 105,7 faiz əməl edilib. Dövlət Vergi Xidməti bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 344,2 milyon manat və ya 4,6 faiz artıb. Hesabat dövründə qeyri-neft/qaz sektorundan daxilolmalar 5 milyard 716,2 milyon manata yaxın təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,1 faiz çox olub. Ödənilən vergilərin 72,9 faizi qeyri-neft/qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb. Onu da qeyd etmək lazımdır ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 5 ay ərzində həmin məbləğin artıq 50,6 faizi təmin olunub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard dollar təşkil edib. Bu göstərici ilin sonuna kimi artan xətt üzrə inkişaf edəcək. Bunlar fonunda Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 faiz, 2026-cı ildə isə 2,4 faiz səviyyəsində artım proqnozunu saxlayıb. Bankın qiymətləndirmələrinə görə, 2027-ci ildə ölkə iqtisadiyyatı 2,3 faiz artacaq.  Dünya Bankının analitiklərinin fikrincə, xammal qiymətlərinin və qlobal tələbatın azalması bütün Avropa və Mərkəzi Asiya regionu üçün qarışıq nəticələrə səbəb olacaq. Bank Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi fəallığın zəifləyəcəyini gözləyir. O da qeyd olunmalıdır ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə isə, 2025-ci ildə ölkədə ÜDM artımı 3,7 faiz, 2026-cı ildə 3,2 faiz, 2027-ci ildə 3,6 faiz səviyyəsində gözlənilir. Bütün bunlar neft bazarında cərəyan edən proseslərin Azərbaycana təsirinin getdikcə daha azaldığını da təsdiq edir. Atılan addımlar, xüsusən də yaşıl enerjinin inkişafı, nəqliyyat-logistika, tranzit daşımaları və digər istiqamətlərdə görülən işlər Azərbaycanın enerjidaşıyıcılarının qiymətlərindən daha az təsirlənəcəyini, iqtisadi artım tempini uğurla davam etdirəcəyini göstərir.

MTM Analitik Qrup