
Azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işləri müasir dövrdə postmünaqişə bərpa və inkişaf prosesləri baxımından artıq ən uğurlu modellərdən biri qismində qəbul edilir. Məsələ burasındadır ki, uzun illər işğal altında qalmış torpaqlara qısa müddətdə belə demək mümkündürsə, yenidən can verilməsi yalnız fiziki dağıntıların aradan qaldırılması deyil, eyni zamanda sosial-iqtisadi, mədəni və ekoloji baxımdan dayanıqlı inkişafın təmin edilməsi fonunda baş verir. Daha bir vacib nüans odur ki, Azərbaycan bu modeli formalaşdırarkən beynəlxalq təcrübəni milli prioritetlərlə uğurla uzlaşdıraraq, sistemli yanaşma tətbiq edir.
İndi işağldan qurtulmuş torpaqlarda yenidən həyat qaynayır, keçmiş məcburi köçkünlərin qayıdış prosesi daha intensiv xarakter alır. Onların qayıdışı ilə yanaşı, məşğulluq və digər məsələlərin həlli də xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev azad olunan ərazilərə səfərləri zamanı artıq çoxsaylı yeni iş yerlərinin də açılış prosesində iştirak edir. Dövlət başçısının son səfəri də bu mənada istisnalıq təşkil etmədi. Səfər çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının, Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının, Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin, Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin, Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışlarında iştirak edib. Bütün bunlar xeyli sayda insanın daimi iş yerləri ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və növbəti mərhələlərdə iş yerlərinin say daha da artırılacaq. Bundan əlavə, Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının, Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub. Görülən bütün işlər Azərbaycanda məşğulluq səviyyəsinin yüksəldilməsində Qarabağ iqtisadi zonasının xüsusi çəkisnin payının artmasına gətirib çıxarır.
Bu və digər hallar, o cümlədən azad olunan ərazilərdə bütün parametrlər baxımından yaradılan yüksək şərait böyük qayıdış prosesini daha da sürətləndirir. Hazırda bu xüsusda da Azərbaycan dünya miqyasında ən yaxşı nümunənin müəllifi qismində çıxış edir. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşündə sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyev qeyd edib: “Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sizi təbrik edirəm. Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.
Ümumiyyətlə, “Böyük Qayıdış” Proqramı müasir dövrdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən ən uğurlu və kompleks dövlət proqramlarından biri kimi bu gün dünya miqyasında da xüsusi diqqət çəkir. Çünki “Böyük Qayıdış” yalnız insanların fiziki olaraq köçürülməsi ilə məhdudlaşmır, eyni zamanda sosial, iqtisadi, mədəni və ekoloji aspektləri özündə birləşdirən çoxşaxəli yanaşmanı ehtiva edir.
“Böyük Qayıdış” Proqramının dünya miqyasında uğurlu hesab edilməsinin digər mühüm səbəbi infrastruktur quruculuğunun paralel və sürətli şəkildə aparılmasıdır. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi proqramı ənənəvi qayıdış modellərindən köklü şəkildə fərqləndirir. Müasir yol şəbəkələri, enerji təminatı, su və kanalizasiya sistemləri, yüksək keyfiyyətli rabitə infrastrukturu insanların rahat və təhlükəsiz yaşayışı üçün əsaslı zəmin yaradır. Bu yanaşma göstərir ki, “Böyük Qayıdış” keçmişə dönüş deyil, əksinə, gələcəyə yönəlmiş bir inkişaf strategiyasıdır.
Yuxarıda qeyd edildiyi kimi sosial rifahın təmin edilməsi proqramın mərkəzində duran əsas prioritetlərdəndir. Qayıdan əhali üçün müasir məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. İnsanların məşğulluğunun təmin olunması məqsədilə müxtəlif addımlar atılır. Bu isə qayıdışın davamlılığını təmin edən əsas amillərdən biridir. Bir çox ölkələrdə qayıdış proqramları məhz işsizlik və sosial adaptasiya problemləri səbəbindən uğursuz olur. Azərbaycan modeli isə bu riskləri əvvəlcədən nəzərə alaraq kompleks həllər təqdim edir.
“Böyük Qayıdış” Proqramının beynəlxalq miqyasda nümunə kimi qiymətləndirilməsinin daha bir səbəbi ekoloji dayanıqlılığa xüsusi önəm verilməsidir. Azad edilmiş ərazilərdə yaşıl enerji zonası konsepsiyasının tətbiqi, bərpa olunan enerji mənbələrindən geniş istifadə olunması qlobal ekoloji çağırışlara cavab verən müasir yanaşmadır. Proqramın uğurlarının kökündə konkret siyasi iradə və effektiv idarəetmə mexanizmləri də həlledici rol oynayır. Prezident İlham Əliyevin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçirilən layihələr vaxtında və yüksək keyfiyyətlə icra olunur. Dövlət qurumları arasında səmərəli əməkdaşlıq, özəl sektorun və beynəlxalq tərəfdaşların prosesə cəlb edilməsi proqramın icra imkanlarını daha da genişləndirir. Bu model bir daha sübut edir ki, qayıdış prosesinin uğuru yalnız maliyyə resursları ilə deyil, düzgün idarəetmə və uzunmüddətli baxışla təmin olunur.
Bütün bunlar kontekstində onilliklər boyu doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması həm də tarixi ədalətin bərpası deməkdir. Qeyd olunan bütün bu xüsusiyyətlərinə görə “Böyük Qayıdış” Proqramı beynəlxalq səviyyədə ən uğurla icra edilən qayıdış proqramı kimi qəbul olunur və şübhəsiz ki, gələcəkdə analoji problemlərlə üzləşmiş digər ölkələr üçün nümunə rolunu oynayacaq.
MTM Analitik Qrup
