DÜNYA İQTİSADİYYATINDA YENƏ TƏHLÜKƏLİ VƏZİYYƏT FORMALAŞIR, AZƏRBAYCAN PREVENTİV TƏDBİRLƏRİN MİQYASINI GENİŞLƏNDİRİR

ABŞ Prezidenti Donald Trampın Amerikanı idxal asılılığından azad etmək üçün başlatdığı yeni ticarət müharibəsi dünya iqtisadiyyatında artıma mənfi istiqamətdə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Artıq dünyanı aparıcı maliyyə və iqtisadi institutları, ekspert dairələri bununla bağlı xəbərdarlıq edirlər. Eyni zamanda ticarət müharibəsi nəticəsində bir çox məhsulların, o cümlədən ərzağın qiymətində kəskin bahalaşmalar qaçılmaz görünür.

İndi dünya boyu demək olar ki, bütün iqtisadçılar ticarət müharibəsinin təsirinin ABŞ da daxil olmaqla digər ölkələr üçün mənfi nəticələrə gətirib çıxaracağını bəyan edirlər.  Əsas gözləntilər odur ki, yeni tariflər bir çox biznes subyektlərini  planlaşdırdıqları investisiyaları dayandırmağa məcbur edəcək.  Öz növbəsində bu da bütün dünya iqtisadiyyatlarına zərər verəcək. Bununla yanaşı, tariflər tədarük zəncirlərini poza, şirkətləri alternativ təchizat mənbələri axtarmağa və ya istehsal müəssisələrini köçürməyə məcbur edə bilər ki, bu da qısamüddətli səmərəsizliyə və xərclərin artmasına səbəb olacaq. Hələlik belə ssenarinin qarşısının alınması üçün heç bir tədbir görülmür, əksinə, yaxın perspektivdə ticarət müharibəsinin daha şiddətli mərhələyə daxil olması gözlənilir.

Qeyd edilməlidir ki, 47-ci ABŞ Prezidenti cari ilin fevralın 4-dən başlayaraq, bütün Çin idxalına 10 faizlik idxal tarifi tətbiq edib. Tariflər orta hesabla hər il təxminən 450 milyard dollar dəyərində olan Çin məhsullarını əhatə edir. Çindən fərqli olaraq Donald Tramp Meksika və Kanada ilə ticarət müharibəsini müvəqqəti dayandırıb. ABŞ lideri buna qədər sözügedən ölkələrin mallarına 25 faizlik rüsum tətbiqini elan edib,  Kanada enerji məhsulları üçün bu göstərici 10 faiz olub. Lakin Mexiko və Ottava narkotik ticarəti və qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün sərhəd təhlükəsizliyini gücləndirmək barədə ABŞ Prezidentinin tələbləri ilə razılaşdıqdan sonra Tramp bu iki ölkədən idxal edilən məhsullara yeni rüsumların tətbiqini bir ay müddətinə dayandırıb.

Tezliklə, ABŞ Avropadan alınan məhsullara da yeni tariflər tətbiq ediləcəyini bəyan edib. Avropa İttifaqı buna müvafiq reaksiya  vermək üçün hazırlıqlara başlayıb. Ekspertlər isə diqqəti ona yönəldirlər ki, baş verənlər Trampın 2018-ci ildə başlatdığı ilk ticarət müharibəsinin davamıdır. Amma indiki müharibənin iki səbəbdən daha dəhşətli nəticələri ola bilər. Birincisi, indi ticarət müharibəsinin əhatə dairəsi daha genişdir.  İlk əsas fərq ondan ibarətdir ki, 2018-2019-cu illərdə Çin üçün tariflər daha yüksək olsa da, ovaxtkı tariflər  sözügedən ölkədən olan tədarüklərin yalnız üçdə ikisinə tətbiq edilib. İndi Çindən bütün idxala vergi qoyulub və Vaşinqton bununla məhdudlaşmaya bilər. Çin də artıq bir sıra ABŞ məhsuallarına tətbiq edilən idxal rüsumlarının artırılması haqqında qərar qəbul edib.

Digər bir məqam ABŞ-ın Avropa İttifaqına tarif hücumudur. 2018-2019-cu illərdə Tramp Avropa İttifaqı və Rusiya da daxil olmaqla, polad alışına 25 faiz, alüminiuma (Kanada və Meksika istisna olmaqla) 10 faiz rüsum tətbiq edib. İşlərin bu dəfə daha da pis ola biləcəyinin ikinci səbəbi odur ki, dünya pandemiyanın iqtisadi nəticələrindən yenicə çıxır. Həmin nəticələrdən başlıcası iş yerlərinin itirilməsi və yüksək inflyasiya idi. Pandemiyanın dərhal ardınca Avropada son 80 ilin ən böyük müharibəsi olan Rusiya-Ukrayna savaşı başladı. Buna görə dünyanın ən böyük iqtisadiyyatları qlobal ticarətinin azadlıq dərəcəsini ciddi şəkildə məhdudlaşdırmağa, genişmiqyaslı sanksiyaları, embarqolar alətlərini işə salmağa məcbur oldular. Yaxın Şərqdəki yeni müharibə də dünya ticarətini xeyli çətinləşdirdi.

Hazırki vəziyyətdə Tramp qlobal miqyasda malların hərəkət azadlığına qarşı mübarizəsini ticarət təhrifləri ilə izah edir. Tramp bildirir ki,  ölkəsinin tərəfdaşlarının Amerikadan çox az şey alması, lakin əvəzində ABŞ-da daha çox məhsul satması, nəticədə ölkə sənayesinin zərər görməsi onu bu addımlara vadar edir.  Həqiqətən də, ABŞ 2024-cü ildə ixrac etdiyindən 918 milyard dollar çox mal alıb. Bununla belə, fakt həm də odur ki, yeni tariflər ABŞ ixracatını daha da azalda bilər. Məsələn, Çinin cavab tarifləri Amerika neft tədarükünü azaldacaq. Mayeləşdirilmiş təbii qazın satışı və daşınması ilə məşğul olan ABŞ şirkətlərinin də zərərlə üzləşəcəyi qaçılmaz görünür.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, 2018-2019-cu illərdə yaşanan ticarət müharibəsində itirən təkcə ABŞ olmadı.  Həmin vaxt ticarət müharibəsi dünyaya 700 milyard dollar və ya qlobal ÜDM-in 0,8 faizinə başa gəldi. Ancaq bu dəfə göstəricinin daha yuxarı hədlə ifadə edilməsi proqnozlaşdırılır. Bu hal dünya iqtisadiyyatında artma da təsir edəcək. Dünya Bankı 2025-2026-cı illərdə qlobal iqtisadi artım tempinin 2,7 faiz olacağını təxmin edir. Qurum bildirir ki, 2024-cü ildə də qlobal iqtisadi artım tempi 2,7 faiz təşkil edib. Həmçinin vurğulanır ki, indiyə qədər ticarət və investisiyaların gücləndirilməsi artım templərinə faydalı təsir göstərirdi. Lakin ticarət müharibəsi nəticəsində yaranan vəziyyət fəqrli mənzərəni mydana çıxara bilər. Dünya Bankının hesabatında qlobal iqtisadiyyatın artım tempinin kifayət qədər aşağı səviyyədə olduğuna da diqqət çəkilir. Qeyd olunur ki, 2,7 faizlik göstərici qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki onillikdə 3,1 faiz təşkil edən orta artım tempindən aşağıdır. O da bildirilir ki, siyasi qeyri-müəyyənlik, ticarət siyasətindəki dəyişikliklər, geosiyasi gərginlik, davamlı inflyasiya, eləcə də iqlim dəyişikliyi nəticəsində yaranan təbii fəlakətlərlə bağlı iqtisadi artıma mənfi təsir ehtimalı qalmaqdadır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin yeni hesabatında isə deyilir ki, 2025-ci ildə qlobal iqtisadiyyat 2,8 faiz artacaq. Hesabatda vurğulanır ki, qlobal iqtisadi fəaliyyət bir sıra şoklara tab gətirərək dayanıqlılıq nümayiş etdirsə də, artım pandemiyadan əvvəlki orta göstəricidən aşağı olaraq qalır.

Bütün bu proseslər Azərbaycanda da diqqətlə izlənilir, gözlənilən mənfi ssenarilər, o cümlədən şiddətlənməkdə olan ticarət müharibəsi ilə bağlı preventiv tədbirlər hazırlanır. Ümumiyyətlə, qlobal iqtisadiyyatda baş verən mənfi halların ölkəyə təsirini minimal həddə endirmək istiqamətində Azərbaycan yaxşı təcrübəyə malikdir. Ölkə iqtisadiyyatının xaricdən asılılığının azaldılması istiqamətində əldə edilən nailiyyətlər də bu prosesdə öz sözünü deyir. Bu fonda Azərbaycanda iqtisadi artımın dünya üzrə orta göstəricidən yüksək olacağı proqnozlaşdırılır. Elə bundan irəli gəlir ki, “Moody’s Investors” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4  faiz artacağını proqnozlaşdırır. Qurum bildirir ki, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyüb. 2024-cü ildə real ÜDM-in artımı 4,1 faiz təşkil edib. Bu inkişaf əsasən qeyri-neft sektorunun artımı ilə dəstəklənib və sektorun ötənilki artımı 6,2 faiz olub. Azərbaycan Mərkəzi Bankı isə bu il ölkə iqtisadiyyatının 3,3 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 5,2 faiz böyüyəcəyini proqnozlaşdırır. İqtisadiyyat Nazirliyi cari ildə ölkədə 3,5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,9 faiz iqtisadi artım gözləyir.

İnflyasiya göstəricilərinin də yol verilən həddə qalması məqsədilə müvafiq addımlar atılır. Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 faiz, 2026-cı il üçün isə 4,7 faiz səviyyəsində proqnozlaşdırır. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 faiz, 2026-cı ildə isə 4 faiz səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 faiz, 2026-cı ildə isə 3,8 faiz təşkil edəcək. Bunlar fonunda Azərbaycan hökuməti dünyada başlanan ticarət müharibəsinin, qlobal iqtisadiyyatda digər mənfi halların ölkəmizə təsirinin  ən minimal həddə olması istiqamətində genişmiqyaslı  fəaliyyətini davam etdirir. Belə vəziyyət Azərbaycanın qlobal iqtisadi çağırışlara daha operativ cavab verməsinə, iqtisadiyyatının böyüməyə davam etməsinə, ölkə əhalisinin sosial müdafiəsinin davamlı yüksəlməsinə də əlverişli zəmin yaradır.

MTM Analitik Qrup