“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edilib.
Milli Gün çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla bin Tuq Əl Marri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə nazir “Dubay Ekspo 2020”yə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib, ikitərəfli əlaqələr, ölkəmizdə investisiya istiqamətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Daha sonra “Dubay Ekspo 2020”dəki “Al Wasl Plaza” meydanında rəsmi mərasim keçirilib. BƏƏ-nin və Azərbaycanın dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.
Tədbiri açan “Dubay Ekspo 2020”nin icraçı rəhbəri Issam Kazım sərgi çərçivəsində təşkil olunan Milli Gün münasibətilə təbriklərini çatdırıb. O, ölkəmizin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirib, Azərbaycan ilə BƏƏ arasında geniş iqtisadi və mədəni əlaqələrdən bəhs edib.
“Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin “Ekspo 2020” sərgisini yüksək səviyyədə təşkil etdiklərinə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə və xalqına təbriklərini çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ortaq mədəni, tarixi və dini dəyərlərə malik olan BƏƏ ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Hazırda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Ölkəmiz BƏƏ vətəndaşları üçün əsas turizm məkanlarından biridir, həmçinin iqtisadi və investisiya sahələrində əlaqələr inkişaf edir.
Tədbirdə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq, o cümlədən tarixi-mədəni abidələrin bərpası istiqamətində işlərdə fəal iştiraka dəvət edilib.
Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” (Seeds for the Future) mövzusu ilə çıxış edir. Ölkəmizin “Ekspo” sərgisində layiqincə iştirakına Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət ayırıb və Azərbaycan “Dubay Ekspo 2020” sərgisində milli pavilyonun tikinti işlərinə başlayan ilk ölkələrdən olub.
“Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Daha sonra qonaqlar Azərbaycanın və BƏƏ-nin milli pavilyonları ilə tanış olublar.
Qeyd edək ki, pavilyonun landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltaraşlıq əsərləri ilə bəzədilib. Burada, həmçinin Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltaraş Elvin Nəbizadənin “Kövrək saz” instalyasiyası, Leyla Əliyevanın “Ürək” heykəltaraşlıq əsəri, Faiq Əhmədin xalça motivlərində instalyasiyası da təqdim edilir.
Eyni zamanda, təbiətdən ilhamlanaraq yaradılan pavilyonun dizaynı və konsepsiyası özünəməxsusluğu ilə seçilir və eksponun ən çox ziyarət edilən pavilyonları sırasında yer alır. Milli pavilyonda gün ərzində 10 mindən çox ziyarətçi olur. Sərgi çərçivəsində pavilyonun səhnəsində mütəmadi olaraq konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir, ziyarətçilərə Azərbaycanın tarixi və bugünkü həyatını yaxından izləmək imkanları yaradılır.
Xatırladaq ki, ekspo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edərək yüksək mükafatlara layiq görülüb. Bu beynəlxalq platformada uğurlu iştirakı ilə seçilən ölkəmiz, həmçinin 2025-ci ildə keçiriləcək ümumdünya ekspo sərgisinə namizədliyini irəli sürüb.