DUBAY ƏMİRİ DİPLOMATIMIZI MEDALLA TƏLTİF EDİB

Bu gün Azərbaycan Respublikasının Dubaydakı baş konsulu Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum tərəfindən “Expo2020 Dubai” medalı ilə təltif olunub.

Baş konsulluqdan bildiriblər ki, bu medal BƏƏ hökuməti ilə “Expo 2020” beynəlxalq sərgisi çərçivəsində qarşılıqlı xüsusi səy və əməkdaşlığa görə Dubaydakı diplomatik nümayəndəliklər arasında yalnız Azərbaycan Respublikasının baş konsuluna təqdim edilib.

Qeyd edək ki, “Expo 2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan” pavilyonunda bir sıra möhtəşəm tədbirlər – “Azərbaycan günü”, turizm həftəsi, milli caz konserti, ölkəmizin müxtəlif dövlət və özəl biznes qurumlarının təqdimatları, konsert və sərgilər təşkil olunub. Diplomatik nümayəndəliyimiz bütün bu tədbirlərin keçirilməsində milli pavilyonumuzn təşkilatçısı Heydər Əliyev Mərkəzinə fəal kömək edib.