Sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadanlıqlarla, silah sistemləri ilə təchiz edilmiş sərhəd gözətçi gəmiləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması və müəyyənləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilmiş müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyatlarında tətbiq üçün itisürətli amfibiya qayıqlar istifadə olunmuşdur.
Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının mühafizəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparılması, enerji infrastrukturlarının mühafizəsi zamanı suüstü və sualtı hədəflərin aşkarlanması və məhv еdilməsi, sahildə və dənizdə aşkarlanmış təxribat qruplarının zərərsizləşdirilməsi, saxlanılmış gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunmuşdur.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunmuşdur.
Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilmiş, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edmiş, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən olduğunu vurğulamış, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar vermişdir.