DSX-NİN HƏRBİ HİSSƏ VƏ BÖLMƏLƏRİNDƏ AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRLƏRİ KEÇİRİLİB

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

DSX-nin Aparatında və hərbi hissələrində keçirilən anım mərasimlərinin iştirakçıları əvvəlcə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olublar.

Tədbirlərin rəsmi hissəsi soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirildiyini və bu siyasətin mahiyyətinin azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olduğunu xüsusi olaraq vurğulayıblar.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.

Keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmlər və tamaşalar nümayiş etdirilib.