DSX-NİN HƏRBİ HELİKOPTERİNİN QƏZAYA UĞRAMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.