DÖYÜŞ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDƏN HƏRBÇİLƏRİN MAAŞININ İKİQAT HESABLANMASI TƏKLİF OLUNUR

Döyüş şəraitində yerləşən və döyüş əməliyyatlarında (fəaliyyətində) iştirak edən hərbi hissələrdə (bölmələrdə), habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən və bu hərbi hissələrə (bölmələrə) ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin ikiqat hesablanması təklif edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu” haqqında yeni qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsində həmçinin hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin 3 qat hesablanması da təklif edilir.

Bununla yanaşı qanuna təklifdə cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin 1,5 qat hesablanması təklif edilir.