DÖVLƏTİMİZİN BAŞÇISI VƏ BİRİNCİ XANIM QARABAĞ XANLARININ AĞDAMDAKI TÜRBƏLƏRİ VƏ YAŞAYIŞ EVİ – İMARƏT KOMPLEKSİNDƏ OLUBLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin – Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.