DÖVLƏT YOL POLİSİ İDARƏSİ HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR HƏRƏKƏT İŞTİRAKÇILARINA MÜRACİƏT EDİB

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silkəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.