“DÖVLƏT XİDMƏTLƏRİ HAQQINDA” QANUNUN TƏLƏBLƏRİNİN POZULMASINA GÖRƏ İNZİBATİ MƏSULİYYƏTİ MÜƏYYƏN EDƏN QANUN LAYİHƏSİ HAZIRLANACAQ

“Dövlət xidmətləri haqqında” qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.

Bu barədə məlumat “Dövlət xidmətləri haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.

Nazirlər Kabineti altı ay müddətində “Dövlət xidmətləri haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində həmçinin Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması, dövlət orqanı olan xidmət təminatçıları tərəfindən dövlət orqanlarına və digər büdcə təşkilatlarına göstərilən dövlət xidmətlərinin ödənişsiz əsaslarla təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə aparılmış təhlil nəticələri və beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə tənzimləmənin təkmilləşdirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.