Son zamanlar həm dövlət qurumlarına, həm də vətəndaşlara qarşı yönəlmiş kiberhücumların sayında kəskin artım müşahidə olunur. Cinayətkarlar şəxsi məlumatlara, maliyyə resurslarına və dövlət informasiya sistemlərinə icazəsiz giriş əldə etmək üçün getdikcə daha mürəkkəb metodlardan istifadə edirlər.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Hazırda ölkəmizdə ən çox istifadə olunan “any.run”, “virustotal” kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatların – sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat və resurs mərkəzində yerləşdirilmiş dövlət qurumlarının elektron informasiya ehtiyatlarının 24/7 monitorinqini həyata keçirməklə yanaşı, dövlət qurumlarına məxsus digər elektron informasiya ehtiyatlarını və sistemlərini də audit yoxlamalarından keçirir. Audit yoxlamaları zamanı aşkar edilmiş boşluqların aradan qaldırılmasının vaxtında təmin olunmaması kiberinsidentlərin baş verməsini və fərdi məlumatların oğurlanmasını qaçılmaz edir. Dövlət qurumlarına audit hesabatlarında onlara göndərilən boşluqları vaxtında aradan qaldırmağı, təhlükəsizlik tövsiyələrinə ciddi riayət etməyi, vətandaşlara isə kibergigiyena qaydalarına əməl etməyi həyat tərzinə çevirməyi tövsiyə edirik”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına qarşı 675 kiberhücum indikatoru (IOC) “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd aşkar edilərək blok edilib.