Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-cü maddəsi aşağıdakı redaksiyada verilir:
“74. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası dövlət büdcəsinin vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Vergi orqanlarında işləyən digər vəzifəli şəxslər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunurlar.”.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.