DÖVLƏT QURUMLARININ “RƏQƏMSAL SƏNƏD DÖVRİYYƏSİ” ALTSİSTEMİNƏ QOŞULMASI ÜÇÜN YOXLAMALAR DAVAM EDİR

Ötən ilin avqust ayında imzalanan “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanın icrası ilə əlaqədar bu günə qədər 73 dövlət qurumundan onların elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi üzrə rəy verilməsi barədə müraciətlər daxil olub.

Dövlət Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər əsasında xidmət tərəfindən aparılan informasiya təhlükəsizliyi auditləri zamanı dövlət qurumlarının istifadəsində olan daxili elektron sənəd dövriyyəsi sistemlərində aşkarlanan informasiya təhlükəsizliyi boşluqları və onların aradan qaldırılması istiqamətində tövsiyələr həmin dövlət qurumlarına göndərilib. Hazırda informasiya təhlükəsizliyi üzrə müsbət rəy almış 63 dövlət qurumunun daxili elektron sənəd dövriyyəsi sistemi mühafizə olunan telekommunikasiya kanalları – “AzStateNet” data şəbəkəsi vasitəsilə “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8-ci bəndlərinə əsasən dövlət orqanlarının istifadəsində olan elektron sənəd dövriyyəsi sistemlərinin və həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəyin verilməsi və mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməsi xidmətə tapşırılıb.