DÖVLƏT QULLUĞU ÜZRƏ TEST İMTAHANINDA İŞTİRAK ETMƏK ÜÇÜN 23 NƏFƏR QEYDİYYATDAN KEÇİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 17-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-ü saat 11:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 23 (AB – 6, AC – 17) namizəd qeydiyyatdan keçib.

İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.