
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 12-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il noyabr ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat oktyabrın 12-dən noyabrın 9-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 50 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə noyabrın 12-də saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə noyabrın 1-i saat 12:00-dək, AB, AC, BA qrupları üzrə isə noyabrın 9-u saat 12:00-dək həyata keçiriləcək.
