DÖVLƏT QAYĞISI ÖLKƏDƏ BİZNES MÜHİTİNİ İLDƏN-İLƏ LİBERALLAŞDIRIR – MƏQALƏ

Müasir dövrdə hər bir ölkənin investisiya cəlbediciliyi, ilk növbədə, biznes mühitinin liberallığı, ictimai-siyasi və hüquqi sabitlik, dövlətlə özəl sektor arasında münasibətlərinin şəffaflığı ilə şərtlənir. Azərbaycan son onilliklərdə məhz bu yanaşmanı əsas götürərək biznes mühitinin ildən-ilə yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirir.

Bu islahatların mərkəzində dövlət-sahibkar münasibətlərinin qanuni əsasda qurulması, qarşılıqlı məsuliyyətin təmini, bürokratik amillərin aradan qaldırılmasıdır. İş adamlarının fəaliyyətinə qanunsuz müdaxilələrin, süni inzibati maneələrin aradan qaldırılması, biznes subyektlərinin hüquqlarının etibarlı qorunması ölkəmizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bunun nəticədir ki, hazırda özəl sektor dövlət təkcə vergi mənbəyi deyil, həm də iqtisadi inkişafın lokomotivi kimi çıxış edir.

Xüsusən də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər biznes mühitinin sağlamlaşdırılmasına sanballı töhfə verir. Dövlət idarəçiliyində şəffaf mexanizmlərin tətbiqi sahibkarların qarşılaşdığı riskləri minimuma endirir, qeyri-leqal, qanunsuz əməllərin qarşısını alır. Bu xüsusilə iri beynəlxalq şirkətlər üçün həlledici amildir. Belə ki, nəhəng biznes qurumları investisiya qoyuluğları ilə bağlı qərar verərkən, bu və digər ölkədəki hüquqi rejimi, şəffaf və əlverişli biznes mühitinin mövcudluğunu ciddiliklə nəzərə alırlar.

Bu kontekstdə elektron hökumət quruculuğu, sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması tədbirlərinin əhəmiyyəti xüsusi qeyd oluna bilər. Dövlət orqanları ilə sahibkarlar arasında birbaşa təmasların minimuma endirilməsi, onlayn xidmətlərin genişləndirilməsi subyektiv yanaşma və bürokratik əngəllərin qarşısını alır. Biznesin qeydiyyatı, lisenziyaların alınması, icazə prosedurları və hesabatlılıq mexanizmlərinin rəqəmsallaşdırılması beynəlxalq səviyyədə müsbət qarşılanır və ölkəmizin investisiya reyrinqinin yüksəlməsinə təsir göstərir.

Azərbaycan dövlətinin biznesin inkişafına dəstəyi özünü həm də qlobal infrastruktur layihələrinin icrası prosesində göstərir. İrimiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilən investisiyalar özəl sektorun maliyyə itkilərinin qarşısını alır və inkişafına təkan verir. Yeni yolların çəkilişi, elektrik enerjisi, su və qaz təchizatının yaxşılaşdırılması, habelə kommunal xidmətlərə çıxış imkanlarının şəffaflaşdırılması paytaxtla yanaşı, regionlarda da biznes fəallığını artırır.

Maliyyə dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi sahibkarlıq mühitinin mühüm komponentidir. Güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, real sektor üzrə biznes layihələrinin dəstəklənməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə sahibkarların 4590 layihəsinin maliyyələşdirilməsinə 249,1 milyon manat güzəştli kredit ayrılıb. Verilmiş kreditlərin 46,6 faizi sənaye məhsullarının istehsalı və emalının, 43,2 faizi kənd təsərrüfatı məhsulları istehsalının, 7,3 faizi xidmət, 2,9 faizi isə digər sahələrin payına düşüb.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların hüquqi tənzimlənməsi Azərbaycanda biznes mühitinin liberallaşdırılmasının əsas səbəblərindən biridir. Son 15 ildə ölkəmiz bu sahədə aparılan islahatların miqyasına görə dünyanın öncül dövlətləri sırasında yer alır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı sahibkarlıq subyektlərində qanunsuz və əsassız yoxlamaların qarşısının alınmasına xidmət edib. Qanuna əsasən, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar mütləq şəkildə “yoxlama.gov.az” internet portalında qeydiyyata alınmalıdır və bu da dövlət nəzarətinin şəffaflığını təmin edir.

2013-cü il 2 iyul tarixində qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun isə yoxlamaların məqsəd və prinsiplərini, yoxlayıcı orqanların hüquq və vəzifələrini, sahibkarların maraqlarının müdafiəsi mexanizmlərini dəqiq müəyyən edib. Qanunun məqsədi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və yoxlamaların vahid qaydalar əsasında aparılmasını təmin etməkdir. Ölkə ərazisində bütün yoxlamalar yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və vahid məlumat reyestrində qeydiyyata alınmaqla həyata keçirilə bilər.

2015-ci il 20 oktyabr tarixində təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi son 10 ildə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb. Bu günlərdə Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Bu isə dövlətin sahibkarlığa dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Qeyd edilən müddətdə yalnız vergi yoxlamaları, eləcə də insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına real təhlükə yaradan hallar üzrə məhdud çərçivədə yoxlamalar aparıla bilər.

Bu və digər addımlar Azərbaycanı sərmayə qoyuluşları üçün cəlbedici edir. Prezident İlham Əliyevin ötən həftə Davos Forumu çərçivəsində bir sıra əcnəbi şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər bu baxımdan xüsusi maraq doğurur. Davos platforması çərçivəsində dövlət başçısının dünyanın aparıcı transmilli şirkətlərinin, iri maliyyə institutlarının, sənaye nəhənglərinin rəhbərləri ilə apardığı danışıqlarda əsas məqsəd ölkəmizdəki liberal və şəffaf biznes mühiti barədə dolğun təsəvvür yaratmaq olub. Prezident İlham Əliyevin “Dell Technologies”, “Brookfield Asset Management”, “J.P. Morgan”, “BlackRock”, “Global Infrastructure Partners” və “Vitol” şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər bu baxımdan mühüm əhəmiyyət kəsb edib.

Azad edilmiş ərazilərdə yaradılan şərait də ölkəmizlə biznes əməkdaşlığında vacib rol oynayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət tərəfindən yaradılan infrastruktur, tətbiq olunan vergi və gömrük güzəştləri, “yaşıl enerji”, “ağıllı şəhər” konsepsiyaları biznes üçün unikal imkanlar formalaşdırıb. Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin təşviqi həm daxili investisiyaların, həm də xarici kapitalın cəlb olunması baxımından strateji əhəmiyyət daşıyır.

MTM Analitik Qrupu